Təkrar kredit almaq arzusunda olan əksər vətəndaşlar özlərinə belə bir sual verirlər: lazımı qədər uğurlu olmayan kredit tarixçəsi ilə yeni kredit almaq mümkündürmü? Pul tələbatı məsələsi daha kəskin hal aldıqda, vətəndaşlar bilmək istəyir ki, pis kredit tarixçəsi ilə banka üz tutmağa dəyərmi?
Bu sualın cavabı heç də birmənalı deyil, axı kredit verən zaman kommersiya banklarının əsas məqsədi rəsmiləşdirilən ssuda sayəsində maksimal dərəcədə gəlir götürməkdir. Əlbəttə ki, ödənilməyən kreditlərin miqdarı minimum olduqda bankın itkiləri də daha az olacaqdır. Amma digər tərəfdən, əgər bank hər kredit üçün müraciət edən şəxsi incədən-incəyə, ehtiyatla araşdırarsa, onun gəlirlərinin yenə də azalmaq ehtimalı vardır. Çünki, belə təqdirdə bank əminlik hissi güclü olmayan müştərilərin əksəriyyətindən imtina etməli olacaqdır. Belə situasiyada hansı çıxış yolunu tapmaq olar?
Pis kredit tarixçəsi necə yaranır?
Dərhal onu qeyd etmək lazımdır ki, fərqli kredit təşkilatları üçün “pis kredit tarixçəsi” anlayışı da fərqli məna kəsb edir. Bəzi kredit müəssisləri ödənişin 5 gündən artıq gecikməsini mənfi hal hesab edir, digər müəssisələr isə gecikmənin yalnız 20 gündən çox olduğu müddətdə kredit tarixçəsini korlanmış hesab edirlər. Hər bank bu limiti daxili siyasətə uyğun təyin edir.Ona görə də bununla bağlı sizə yeganə tövsiyəmiz odur ki, çalışın borclarınızı vaxtında ödəyəsiniz.
Kredit tarixçəsinin korlanmasına səbəb olan başlıca amilləri qeyd edək:
- Ödənişlərin düzgün vaxtında edilməməsi. Bu hal, bəzən bilərəkdən baş vermir: məsələn siz poçt vasitəsi ilə məbləği göstərilən ödəniş tarixində etmisiniz, amma sən demə pulun poçt vasitəsi ilə bank daxil olması 5 gün çəkir, nəticədə siz gecikdirənlər siyahısına düşürsünüz;
- Kredit tam ödənməməsi. Bəzən elə olur ki, siz borcunuzu tam ödədiyiniz halda (siz belə düşünürsünüz), hər hansı bir cüzi məbləğ, qəpik-quruş ödənməmiş qalır. Bu qəpik-quruş isə öz üzərinə həm cərimələr, həm də digər penyalar cəlb edir, bir də xəbər tutursunuz ki, banka “yaxşı” bir məbləğdə borcunuz var. Beləliklə sizə “pis borcalan” statusu da hədiyyə verilir;
- Ola bilsin ki, sizin zamin durduğunuz şəxs heç də səliqəli borcalan deyilmiş. Bir çoxlarına bu qəribə görünür, axı siz günahkar deyilsiniz ki, bu insan kreditləri ödəməyib, siz sadəcə ona zamin dayanmısınız. Amma əslində kiməsə zamin duraraq, siz bankla müqavilə imzalamısınız, bu müqaviləyə əsasən isə siz ödənişlərin vaxtlı-vaxtında edilməsi baxımından bank qarşısında, elə borcalanla eyni dərəcədə məsuliyyət daşıyırsınız.
Növbəti borc müqaviləsi rəsmiləşdirməkdən öncə bank işçisi sizin əvvəlki kredit zamanı ödənişləri gecikdirmə səbəbini müəyyən etməyə çalışır. Əksər hallarda belə olur ki, ödənişlərin gecikdirilməsi gözlənilməz hallar ilə izah olunur (gözlənilməz xəstəlik, əməkhaqqının gecikdirilməsi, bədbəxt hadisə və s). Təbii ki, hər bir hal bank tərəfindən individual qaydada nəzərdən keçirilir.
Kredit tarixçələri (istər pis, istər də yaxşı) Mərkəzi Bankın Kredit reyestrində toplanır. Qanuna əsasən Banklar kreditlər ilə bağlı informasiyanı Reyestrə təqdim etməyə borcludurlar.
Banklar və BOKT-lar fiziki və hüquqi şəxs olan borcalanların istənilən valyutada hər bir krediti, həmçinin fiziki şəxs borcalanların kredit kartları üzrə istənilən valyutada hər bir krediti haqqında MKR-ə məlumat verməlidirlər.
Reyestrdə borcalanların həm aktiv, həm də tam ödənilmiş kreditləri haqqında məlumatlar saxlanılır. Məlumatların tərkibi eyniləşdirmə, kredit və kredit üzrə qoyulmuş girov haqqında məlumatlardan ibarətdir. Bundan əlavə hüquqi şəxslər üçün mühüm iştirak payı sahibləri və kreditlər üzrə zaminlər haqqında da məlumatlar toplanılır. Reyestrdə məlumatlar ayda bir dəfə hər ayın ilk 4 (dörd) iş günü ərzində yenilənir. Yeni verilmiş kreditlər isə 2 iş günü ərzində MKR-ə göndərilir.
MKR-ə təqdim edilən məlumatlar banklar və BOKT-lar tərəfindən kreditlər ödənildiyi tarixdən yeddi il müddətində elektron baza şəklində saxlanılır.
Banklar və BOKT-lar tərəfindən sorğular cari borcalanlar istisna olmaqla barəsində sorğu edilən şəxslərin razılığının alındığını əks etdirən elektron formatlarda təqdim olunur. Sorğu edilən şəxsin razılığının alınması haqqında qeydin həqiqiliyinə sorğu edən bank və BOKT məsuliyyət daşıyır.
MKR-ə sorğular banklar və BOKT-lər tərəfindən cari borcalanları haqqında sorğu edilən şəxsin razılığı tələb olunmadan, potensial borcalanları və zaminləri haqqında isə yalnız barəsində sorğu edilən şəxsin (şəxslərin) imzaladığı yazılı razılıq (Əlavə 5) əsasında edilir.
Banklar və BOKT-lar MKR-dən borcalanlar haqqında sorğu etmək üçün Mərkəzi Bankın xüsusi hesabına depozit yerləşdirirlər. İcra olunan hər bir sorğu üçün yerləşdirilən depozitdən 1 (bir) manat haqq tutulur.
Korlanmış kredit tarixçəsi ilə borcu necə götürmək olar?
İlk öncə kredit tarixçənizin nə dərəcədə korlanmış olduğunu müəyyən edin. Borcalanlar haqda məlumatı MKR xidmətinə müvafiq müraciət əsasında ödənişsiz əldə edə bilərlər. Borcalanlar sorğu edərkən şəxsiyyət vəsiqəsini və onun nüsxəsini, müvafiq müraciət ərizəsini Mərkəzi Banka təqdim edirlər.
- şəxsən (hüquqi şəxsin qanuni nümayəndəsi) və ya vəkalətli nümayəndəsi vasitəsilə müraciət etməklə (Əlavə 3);
- elektron imza ilə təsdiq edilmiş elektron formada (Əlavə 4) müraciət etməklə; Fiziki və hüquqi şəxslər özləri haqqında məlumatları elektron formada əldə etmək üçün [email protected] ünvanına elektron imza ilə təsdiq edilmiş ərizə ilə müraciət edirlər.
- notariat qaydasında təsdiq edilmiş distant sorğu (Əlavə 4) ilə.
Sorğunun nəticələri haqqında məlumatı yalnız borcalanların özləri və ya notarial qaydada təsdiq olunmuş qanuni nümayəndələri əldə edə bilərlər. Borcalanlar özləri haqqında sorğu etdikdə sorğu olunan məlumatlar MKR tərəfindən sorğunun təqdim olduğu gün nəzərə alınmadan ən gec 3 (üç) iş günü ərzində təqdim edilir.
- Əgər gecikmələr üzrlü səbəblər ilə bağlıdırsa (nümunə üçün, ağır xəstəlik, əməkhaqqını ala bilməmək), onda siz banka bunu təsdiqləyən sənədlər təqdim edə bilərsiniz, bəlkə də onlar öz rolunu oynadı.
- Əgər gecikmələr yalnız son kreditlə bağlı olubsa, buna qədər isə siz nümunəvi borcalan kimi tanınmısınızsa, onda reputasiyanız daha yaxşı olduğu banka müraciət edin, harada ki, sizi yaxşı müştəri kimi tanıyıblar.
- Əgər bir bank sizə imtina edibsə, onda başqa bir banka müraciət edin. Dediyimiz kimi, hər bir bankın özünün qiymətləndirmə kriteriləri və “pis borcalan” haqqında təsəvvürləri vardır.
Qanunla məlumatlar reyestrdə yalnız 7 il ərzində saxlanıla bilər, Bəzi banklar isə olur ki, qiymətləndirməni son illər ərzində götürülən kreditlər üzrə aparır. Bu isə o deməkdir ki, zaman sizin xeyrinizə işləyir və müddətlər keçdikcə kredit tarixçəniz düzələ bilər.
Bəzi hallarda reyestrdəki məlumatlar tam həqiqəti əks etdirmir. Bu çox nadir hallarda baş versə də yenə də istisna edilmir. Haqqında toplanan məlumatların qeyri-dəqiqliyi və bu qeyri-dəqiqliyin aradan qaldırılması barədə borcalanların şikayətləri yazılı formada (Əlavə 6) bilavasitə Mərkəzi Banka təqdim edilir. Şikayətçi öz şikayət ərizəsində onun fikrincə düzgün olan borc məbləğini və/və ya digər şikayət predmetlərini tam dəqiq göstərməlidir.
Mərkəzi Bank borcalanların şikayətlərini məlumatı təqdim etmiş banklara göndərərək onlardan təsdiqləyici hesabatları (o cümlədən kağız daşıyıcılarda) tələb edir. Borcalanın şikayəti əsasında məlumatlarda dəyişiklik edildikdə bu barədə borcalana və son altı ay ərzində həmin şəxs haqqında reyestrdən məlumat almış şəxslərə 3 iş günü müddətində məlumat verilir. Borcalanın şikayətinin icrasından qanunvericiliklə müəyyən edilmiş əsaslarla imtina edildikdə borcalana 5 iş günü müddətində əsaslandırılmış cavab verilir.
Gələcəyə bir neçə məsləhət!
Gələcəkdə korlanmış kredit tarixçəsini düzəltmək məcburiyyətində qalmayasınız deyə, onun qeydinə qalın və səhvlərə yol verməyin. Heç zaman ödəyə bilməyəcəyiniz kredit rəsmiləşdirməyin. Aylıq ödənişləri vaxtında həyata keçirin. Onda bu sizin risk qrupuna düşmək şansınızı azaldacaq. Yaxşı kredit tarixçəsi –borcalan üçün üstünlükdür.