Kim kreditini dollarla götürübsə, dollarla qaytaracaq, manatla götürübsə, manatla… | Banco.az

Kim kreditini dollarla götürübsə, dollarla qaytaracaq, manatla götürübsə, manatla…

Manatın dollara və avroya nisbətdə kəskin ucuzlaşmasından sonra hökumət rəsmiləri devalvasiyanın əhalinin sosial vəziyyətinə təsir etməyəcəyi ilə bağlı açıqlamalar versələr də, müxtəlif sahələrdə problemlər özünü biruzə verdi. Elə ilk gündən başlayan bahalaşmaya qarşı  dövlət qurumları hərəkətə keçsə də, bu təbii prosesin qarşısı alınmadı. Buna siqaretin qiymətinin artmasından sonra yarım günlük məcburi ucuzlaşma, ardınca isə yenidən bahalaşmasını misal göstərmək olar. 

Ekspertlər bildirirlər ki, manatın ucuzlaşmasından sonra bahalaşma qaçılmazdır və davam edəcək. Xüsusilə, xaricdən gətirilən məhsullarda qiyməti tənzimləmək mümkün deyil. 

Əsas problemlərdən biri xarici valyuta ilə verilmiş kreditlərin ödənilməsində yaranıb. Belə ki, dollarla kredit götürmüş  vətəndaş banka 33 faiz artıq pul ödəmək məcburiyyətindədir. 

Devalvasiyaya adekvat olaraq maaş artımı və digər formada kompensasiya olmadığı üçün bu kimi problemlər təbii olaraq, vətəndaşların sosial yaşayışına ciddi təsir göstərir. Elə bu məsələlərlə bağlı Milli Məclisin Sosial-siyasət komissiyasının üzvü Məlahət İbrahimqızına müraciət etdik.

- Məlahət xanım, manatın ucuzlaşmasının əhalinin sosial vəziyyətinə təsirini necə qiymətləndirirsiniz?

- Sözsüz ki, dünyanın istənilən ölkəsində inflyasiya gedəndə müəyyən problemlər yaranır. Azərbaycanda neçə illərdir manatın kursu yüksək səviyyədə idi. Azərbaycan da dünyadan kənar bir dövlət deyil və manatın inflyasiyası müəyyən problemlər yarada bilər. Ancaq bu məsələdən daha çox müəyyən möhtəkirlər, fürsətçilər istifadə edirlər. Bu məsələyə dövlət səviyyəsində çox ciddi nəzarət var. Müəyyən adamlar isə devalvasiyadan istifadə edərək, heç bir əsas olmadan fürsətçiliklə daxili məhsulların da qiymətini qaldırmağa cəhd göstərirlər. Belə təsirlər olsa, dövlət qabaqlayıcı tədbirlərini görür və görməkdə də davam edəcək. 

- Əhalidə bahalaşma ilə yanaşı, dollarla götürülən kreditlərin qaytarılmasında yaranmış problemlərlə bağlı narahatçılıq var. Bununla bağlı qəzetimizə tə çox sayda müraciətlər olur…

- Mən bu sahədə mütəxəssis deyiləm. Bank-maliyyə məsələləri baxımından necə problemin tənzimlənməsini dəqiq bilmirəm. İqtisadçılar buna daha dəqiq şərh verə bilərlər. Mən ancaq sosial yönümdən deyə bilərəm. Fikrimcə, kimsə bankdan kredit götürübsə, bu zaman bankla müştəri arasında müqavilə bağlanır və o müqavilənin şərtlərinə uyğun olaraq öhdəlik yaranır. Hər iki tərəf də bu öhdəliyə əməl etməlidir. Həmin müqavilədə ödəmə şərtləri nə cür nəzərdə tutulubsa, o cür də olmalıdır. Bu, həm kredit, həm də depozit müqaviləsinə aiddir. 

- Vətəndaş həmin öhdəliyə əməl edərək, krediti dollarla ödəyərkən, 33 faiz artıq pulu ödəməkdə çətinlik çəkir və bu da problemli kreditlərin həcminin artmasına səbəb olur. 

- Belə şey ola bilməz. Bu, məntiqsizlik olar axı. Kim kreditini dollarla götürübsə, dollarla qaytaracaq, manatla götürübsə də manatla… 

- Bəs dollarla qaytarmaq üçün həmin valyutanı ən azı 33 faiz baha almaq məcburiyyətindədir axı...

Ən sərfəli kredit üçün müraciət et

- Bəs necə olsun? Hər iki tərəfin hüquqları qorunmalıdır. Həm manatla kredit götürən var, həm də dollarla.  Onda belə çıxır ki, manatla kredit götürənlərin ödənişində də bank itirir. Biznesin bir qaydası var, bu səmavi dinlərdə də belədir. Ziyana da şərik olmalıdır. Amma mən deyə bilmərəm qanunda nə yazılıb. Bu sahədə ekspert deyiləm. Ona görə bu sualı düzgün dəyərləndirməyə bilərəm. Çünki mən məsələyə ancaq sosial yönümdən yanaşıram.

- Elə bizə də sosial tərəfi maraqlıdır ki, bu problem əhalinin sosial vəziyyətinə necə təsir edir?

- Əlbəttə, sizinlə razıyam ki, insanların sosial təminatında -  maaşında, əmək pensiyasında, müavinətlərində müəyyən problemlər yaranır. Amma əminəm ki, dövlətimiz, hökumətimiz qabaqlayıcı tədbirlər görəcək. 

- Ölkəyə gətirilməsi üçün alqı-satqısı xarici valyuta ilə aparılan məhsullar var ki, onların qarşısını almaq mümkün olmayacaq...

- Mən yenə deyirəm ki, iqtisadçı deyiləm. Haradan bilim ki, hansı məhsullar dollarla alqı-satqı edilir? İndiyədək, heç kiçik biznesin də hansı formada olduğunu bilmirəm. Mənim işim sosial məsələlərdir. Sizin qəzet oxunan, tanınan qəzetlərdəndir, müraciət edin iqtisadçı deputatlara, parlamentin İqtisadi-siyasət komitəsinin üzvlərinə, həmin suallara onlar cavab verərlər.

Mən ümumi şəkildə deyə bilərəm ki, bu proses bütün dünyada gedir. Bizdə heç bir ay deyil ki, manatın ucuzlaşması baş verdi.  Rusiyada, Ukraynada, qardaş Türkiyədə  hər gün inflyasiya gedir. Məsələn, Türkiyədə bir ay içərisində lirənin kursu 4.6 faiz dəyişib. Amma bizdə 10 illərdir manatın məzənnəsi sabit idi, hətta artırdı. Dünyanın heç bir yerində depozitə 8-10 faiz gəlir verilmirdi. Məsələn, Avropa ölkələrinə, Türkiyəyə baxın, heç birində depozitə belə gəlir verilmir. Bu da vətəndaşlar üçündür...

- Ancaq bizdə kreditlərin də faizləri çox yüksəkdir. Dünyanın çox ölkəsində 20-30 faizlə əhaliyə kredit verilmir.

- Təbii, razıyam sizinlə. Faizlər yüksəkdir. Bu, Avropada da belədir...

- Avropada bu qədər yüksək faizlə deyil axı kreditlər...

- O baxır hansı formada kreditdir. Bilirsiniz ki, kreditin növləri var. Düzdür, məsələn, sosial ipotekanın faizi onlarda çox aşağıdır. Amma bir tərəfdən neftin qiymətinin kəskin ucuzlaşması, digər tərəfdən Rusiyada rublun kəskin şəkildə aşağı enməsi də Azərbaycana ciddi təsir edib. Bilirsiniz ki, milyondan artıq vətəndaşımız Rusiyada çalışır. Rubl Rusiyada kəskin ucuzlaşanda həmin vətəndaşlarımız gəlib burada olan mal-mülklərini manatla satıb, dollara çevirərək, aparıb orada rubla çevirəndə külli miqdarda pul qazanırdılar. Bu, sözsüz ki, vətəndaşlarımız üçün yaxşı idi. Ancaq ölkəmizdən kütləvi olaraq valyuta ehtiyatları daşınırdı və bu da Azərbaycan manatına, maliyyə, bank siyasətinə çox  ciddi ziyan vururdu. Buna görə də dövlət milli valyutanı qorumaq üçün belə bir addım atıb. İnanıram ki, hökumət bu prosesin əhaliyə, sadə vətəndaşlara ciddi ziyan vurmaması üçün qabaqlayıcı addımlar atacaq. 

bizimyol.info

Ən sərfəli krediti almaq üçün müraciət et