Tamara Mustafayeva, Banco.az
Fast-fud nəhəngi məşhur “finger lickin’ good” şüarını istifadə etməməyə qərar verib. Koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün əl gigiyenasına riayət etmək və əllə üzə təmas etməməyin tövsiyə edilməsindən sonra KFC şirkəti 64 ildir ki, istifadə etdiyi şüarın hazırki şəraitə uyğun olmadığını açıqlayıb. Qeyd edək ki, “It’s finger lickin’ good” ifadəsi dilimizdə çox ləzzətli yeməkləri təsvir etmək üçün istifadə edilən "elə ləzzətlidir ki, barmaqlarını yeyə bilərsən" ifadəsinin ekvivalentidir.
Şirkətin Qlobal Marketinq Müdiri Catherine Tan-Gillespie, "Daha əvvəl görülməmiş bir vəziyyətin içərisindəyik. Hazırki şəraitə çox da uyğun gəlməyən şüarımız var.", deyə açıqlama edib.
Şirkət rəsmiləri həmçinin menyunun dəyişməyəcəyini və doğru zamanda sözügedən şüarın yenidən istifadə ediləcəyini bildirib.
Xoş niyyətlə və məharətlə hazırlanmış olsa da, bunun şirkətin marketinq kampaniyası olduğu bariz bəlli olur. KFC YouTube platformasında yayımlanan reklamında afişalar, reklam lövhələri və məhsul paketlərində “finger lickin’ good” şüarını bulanıqlaşdırır.
Əksər fast-fud restoranları kimi KFC də restoranlarına müştəri cəlb etmək üçün müxtəlif və qeyri-adi üsullardan istifadə edir. Nəzərə alsaq ki, fast-fud sektoru zəif müştəri sədaqətinə və aşağı inkişaf tempinə sahib olduğu üçün müştəri sayındakı istənilən artım fast-fud restoranları üçün böyük qazanc deməkdir.
Həmçinin oxu: KFC bu şəhərdə təmassız restoran açdı
Bizi sosial şəbəkələrdən izləyin!!