Son 3 əsrdə kapitalizm quruluşunun inkişafı milyardlarla insanın həyat keyfiyyətini dəfələrlə yaxşılaşdırıb. Bu iqtisadi sistemə malik ölkələrin sərvəti davamlı olaraq artmaqdadır. Buna baxmayaraq, kapitalizmin tənqidçiləri də az deyil. Onlar, kapitalizmin bir qrup insana daha çox fayda verdiyini, gəlir bərabərsizliyini dərinləşdirdiyini, və təbiətə kütləvi şəkildə zərər vurduğunu iddia edirlər.
Dünyada fərqli iqtisadi sistemə malik olan bir neçə ölkənin mövcud olmasına baxmayaraq, bugün kapitalizm vahid qlobal iqtisadi sistem hesab edilir. Kapitalizm həyatımızı bir çox istiqamətlərdə müsbətə dəyişib. Lakin bütün bu dəyişikliklər bizim üçün adiləşdiyindən biz onları qiymətləndirmirik.
Kapitalizmin gətirdiyi əsas dəyişikliklərdən biri insanlar gündəlik həyatında real hiss edilən iqtisadi artımdır. İqtisadi artımın sayəsində insanların həyat standartı əvvəlki nəsillərlə müqayisədə xeyli yaxşılaşıb. Məsələn, 1950-ci ildə dünyanın 60 faizi yoxsulluq həddində yaşayırdısa, bu gün bu rəqəm cəmi 10 faizdir.
Digər nümunə tibbi inkişafdır. Demək kifayətdir ki, bir neçə əsr öncə kütləvi ölümlərə səbəb olan xəstəliklər indiki dövrdə ya tam aradan qaldırılıb, ya da ki, adi vaksinasiya ilə qarşısını alınır. Tibbin inkişafı nəticəsinə insanlar daha çox və daha keyfiyyətli yaşayır. Məsələn, 1950-ci ildə qlobal həyat davamlılığı 48 yaş idisə, bugün həmin göstərici 72 yaşdır.
Kapitalizmin faydası bununla bitmir. İnsan düşünən varlıq olduğundan, yeni yerləri kəşf etmək istəyinə və bütövlükdə yeniliyə meylli varlıq olduğundan kapitalizm imkan yaratdı ki, insan rəqabət nəticəsində inqilabi ixtiralar etsin. Elmi tərəqqi nəticəsində nəqliyyatın və kommunikasiya texnologiyalarının inkişafı bizə əvvəlki nəsillərlə müqayisədə daha çox yeri gəzmək, daha çox insanlarla ünsiyyətdə ola bilmək imkanı verir.
Bu nailiyyətlərin əsas səbəbi kapitalist sistemin insanın inkişafa, yeniliyə, kəşfə olan həvəsini tətbiq etmək üçün şərait yaratmasıdır. Bunlar kapitalizmin əsas şərti - “rəqabət” nəticəsində mümkün olub. Lakin, rəqabətin faydaları olduğu kimi, ziyanlı fəsadlar da var.
İstehsalçılar və satıcılar arasında rəqabət bazarda yalnız ən yaxşı məhsulların ən əlverişli qiymətə satılmasına gətirib çıxarır. Beləliklə, rəqabət artdıqca uduzan insanların sayı da artır. Nəticədə isə sərvət getdikcə kiçik bir qrupun əlində cəmləşir. Məsələn, Amerika Birləşmiş Ştatlarında 1980-ci ildə ən zəngin 1 faiz təbəqə ölkə gəlirlərin 8.2 faizinə sahib idisə, 2012-ci ildə bu rəqəm 19.3 faiz oldu. Oxşar tendensiya Britaniya, Avstraliya, Almaniya və Yaponiya kimi ölkələrdə də müşahidə edilir. Bu isə, milyonlarla insanın yoxsulluq həddinə düşməsinə, cəmiyyətin inkişafına potensial töhfənin azalmasına və sosial-siyasi gərginliyə gətirib çıxarır.
Qeyd etmək vacibdir ki, gəlir bərabərsizliyi özü-özlüyündə nisbi anlayışdır. Məsələn, ölkə ola bilər ki, orada gəlir bərabərsizliyi həddindən kəskin olsun, amma həmin ölkənin ən kasıb vətəndaşının normal həyat sürməyə kifayət edəcək gəliri olsun. Gəlir bərabərsizliyi o zaman problem yaradır ki, gəlir bölgüsündə olan qrupların böyük hissəsi yoxsulluq həddindən aşağı yaşasınlar.
Kapitalizmin digər ciddi fəsadı ətraf mühitə və iqlimə vurduğu ziyandır. İnsanların alıcılıq qabiliyyətinin artması ilə artan istehsalat daha çox ağacın kəsilməsinə, daha çox su həvzələrinin çirklənməsinə, daha çox zərəli maddələrin havaya buraxılmasına və məişət tullantılarının kütləvi artmasına səbəb oldu. Şirkətlərin öz mənfəətlərini güdməsi isə bu problemin qarşısını almağa mane olur. Texnologiyanın inkişafı ətraf mühitə vurulan zərərin azaldılması yollarını kəşf etmək imkanı yaratmasına baxmayaraq, təbiətə vurulan zərər miqyası dəfələrlə çoxdur. Nəticədə bəşəriyyətin gələcəyi ilə bağlı ciddi narahatlıqlar mövcuddur.
2008-ci ilin qlobal maliyyə böhranından sonra çoxları kapitalizmi bir ictimai quruluş olaraq sual altına qoyur, onun davamlı və dayanıqlı olması müzakirə edir. Ola bilər ki, kapitalizm özündən əvvəlki digər iqtisadi sistemlər kimi başqa bir formaya keçsin. Lakin bunun necə və nə zaman baş verəcəyini heç kəs deyə bilməz.