"Kapital bazarının müasirləşdirilməsi" layihəsi 2016-cı il iyulun 1-də yekunlaşacaq. "Report" xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Qafqazda Maliyyə və Özəl Sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojina jurnalistlərə məlumat verib. O bildirib ki, layihəyə ümumilikdə 16 mln. dollar vəsait ayrılıb ki, bunun 12 mln. dolları uzunmüddətli, yəni 27 illik verilib. Bundan başqa, layihəyə SECO tərəfindən 1,6 mln. dollar qrant da ayrılıb. Onun sözlərinə görə, artıq vəsaitlərin əksəriyyəti xərclənib. Çünki layihənin yekunlaşmasına olan vaxt azalıb və gələn ilin ortasında layihə başa çatdırılacaq.
O, həmçinin qiymətli kağızlar haqqında yeni qanunun qəbulunu da alqışlayıb və bildirib ki, yeni qanunun qəbulunda da əsas məqsəd kapital bazarının inkişafı, maliyyələşdirmənin artırılması və maliyyə institutlarının yaradılmasıdır. O qeyd edib ki, qarşıda duran əsas tapşırıqlardan biri maliyyə bazarının diversifikasiyasıdır.
"Uzunmüddətli maliyyə xidmətinin inkişafı üçün addımlar atılmalıdır. Kapital bazarının inkişafı məhz uzunmüddətli maliyyə xidmətinə çıxış üçün önəmlidir. Hazırda kiçik və orta sahibkarların maliyyə çıxışları xüsusilə də uzunmüddətli maliyyə çıxışları məhduddur, onların maliyyə çıxışlarını artırmaq üçün addımlar atılmalıdır" - deyə, o qeyd edib.