“Kapital Bank real sektorun maliyyələşdirilməsi üzrə bank sisteminin əsas liderlərindəndir” | Banco.az

“Kapital Bank real sektorun maliyyələşdirilməsi üzrə bank sisteminin əsas liderlərindəndir”

“Kapital Bank real sektorun maliyyələşdirilməsi üzrə bank

sisteminin əsas liderlərindəndir”

 

“Kapital Bank” ASC-nin İdarə Heyəti sədrinin I müavini  Fərid Məmmədov

Real sektorun maliyyələşdirilməsi sahəsində zəngin tarixi təcrübəyə malik olan Kapital Bankın gələcək fəaliyyət strategiyasında da iqtisadiyyatın maliyyələşdirilməsi istiqaməti əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Bəs, Kapital Bank bu gün ölkənin maliyyə bazarında real sektorun kreditləşdirilməsi sahəsində hansı mövqeyə sahibdir? Suallarımıza “Kapital Bank” ASC-nin İdarə Heyəti sədrinin I müavini Fərid Məmmədov cavab verir. 

 

-Fərid müəllim, hazırda Kapital Bankın kredit portfelində real sektorun payı hansı həddədir?    

- İlk növbədə, qeyd edək ki, ölkənin maliyyə bazarında mövcud olan tələb və ehtiyacları, səhmdarların müəyyən etdiyi ümumi hədəfləri nəzərə alaraq Kapital Bank real sektorun maliyyələşdirilməsinə böyük önəm verir və bu sektorun kreditləşdirilməsində yüksək aktivlik göstərir. Bankın kredit portfelinin 2/3 hissəsi, yaxud 590 milyon manatı bilavasitə real sektorun maliyyələşdirilməsinə yönəldilib. Müqayisə üçün bildirək ki, bu, respublikada mövcud olan orta həcmli 2 bankın toplam aktivlərindən çoxdur.

- Bu kreditlər, əsasən, iqtisadiyyatın hansı sektorunu əhatə edir?  

- Kapital Bankın korporativ kreditləri tam olaraq qeyri-neft sektoruna aiddir. Bu sektora təkcə cari ilin I yarısında 174 milyon manat kredit verilib.

- Kapital Bankın verdiyi korporativ kreditlərin əsas üstünlüyü nədən ibarətdir?

- Kapital Bank tərəfindən sahibkarlara verilən kreditlər üzrə orta faiz dərəcəsi digər banklarla müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır. Kapital Bank tərəfindən verilmiş kreditlərin illik orta faiz dərəcəsi 8,6% təşkil edir. Bu da sistemin orta göstəricisindən (10.7% - mənbə, Mərkəzi Bank) nəzərə çarpacaq dərəcədə aşağı həddədir.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, Kapital Bank, respublikanın bütün regionlarını əhatə edən ən böyük filial şəbəkəsinə malikdir. Bu da Bankın real sektor üzrə kredit portfelinin 42%-nin, yəni 243 milyon manatın məhz regionlara yönəldilməsinə kömək etmişdir.

         Ölkə iqtisadiyyatının kreditləşməsində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərindən də aktiv istifadə edilir. Təkcə bu mənbə hesabına verilmiş kreditlərin həcmi 58.6 milyon manatdır və bunun da 78%-i regionların payına düşür.

       - Bank olaraq Kapital Bankın real sektora daha hansı sahədə dəstəyi var?

        -Kapital Bank real sektora verilmiş qarantiya portfelinə görə də (119 mln. manat) sektorun ən iri 2-ci bankıdır. Bu qarantiyalar vasitəsilə müəssisələr müxtəlif layihələrdə iştirak edərək iqtisadiyyatın inkişafına töhfə verir. Bir məqamı da diqqətə çatdıraq ki, qarantiya portfeli üzrə risk tam olaraq Kapital Banka məxsusdur və bu portfel üzrə Bank öz vəsaitləri hesabına kapital buferi saxlayır.  

- Real sektorun maliyyələşdirilməsində Mərkəzi Bankın dəstəyini necə qiymətləndirirsiniz?

- Bankların real sektorda aktiv iştirakında Mərkəzi Bankın rolunu xüsusi qeyd etmək istərdik. Mərkəzi Bank əlində olan alətlərdən istifadə edərək iqtisadiyyatın kreditləşməsi üçün banklara daim dəstək verir. Mərkəzi Bankın öz sərəncamındakı resurslardan dövlət əhəmiyyətli layihələrin icrasına ayırdığı vəsaitlər, ölkəmizdə modern bankçılıq industriyasının inkişafı məqsədilə verdiyi tövsiyələr, tətbiq etdiyi effektiv nəzarət və tənzimləmə mexanizmləri, sistem yaradan bank kimi Kapital Banka bu sahədə göstərdiyi əməli kömək Bankın real sektorda iştirakına geniş imkanlar açır.

-Müsahibəyə görə təşəkkürümüzü bildiririk.