İşgüzar əlaqələrin qurulması üçün sosial şəbəkə olan “LinkedIn” milyonlarla məlumatı incələyib təhlil edərək ötən il iş müraciətlərində şirkətlər tərəfindən ən çox üstünlük verilən bacarıqları müəyyənləşdirdi.
LinkedIn karyera mütəxəssisi Catherine Fisherə görə bir çox bacarıqların əhəmiyyəti illər keçdikcə daha da azalır; ancaq Fisher bəzi bacarıqların insanları hansı sektorda olmasından asılı olmayaraq həmişə qabağa çəkəcəyini düşünür.
Qlobal olaraq ən çox axtarılan və işverənlər tərəfindən üstünlük verilən 5 iş bacarığı aşağıdakı kimidir:
- Bulud texnologiyası və Paylanmış data əməliyyatları
- Statistik təhlil və məlumatların toplanması
- Qrafik və veb dizayn
- SEO/SEM Marketinq (SEO – Search engine optimization – axtarış sistemi optimallaşdırması), (SEM – Search engine marketing – axtarış sistemi marketinqi)
- Şəbəkə və informasiya təhlükəsizliyi
Marketoloqlara tələb azalır
Marketoloqlara olan tələb ötən bir neçə il ərzində olduqca yüksək idi. Ancaq 2016 – cı ildən bəri bu vəziyyətin bir qədər dəyişdiyi müşahidə olunur. Bunun səbəbi isə artıq işverənlərin demək olar ki, hər bir işçidən bəzi marketinq bacarıqlarını da tələb etməsidir.
Data və bulud ən çox axtarılan bacarıqlardır
Bulud texnologiyası və paylanmış data əməliyyatları son iki ildir ki, birinci sırada yer alır. İkinci sırada onu statistik təhlil bacarıqları izləyir. Bu bacarıqlara tələb olduqca yüksəkdir. Çünki bunlar, son texnologiyanın tələblərindən hesab edilir. Şirkətlər rəqabətə tab gətirə bilmək üçün bu bacarıq və xüsusiyyətlərə sahib işçiləri işə götürmək istəyirlər.
Veb dizayn və istifadəçi interfeysi də tələblər arasındadır
İstifadəçi interfeysi məhsulların insanların əlaqə yaratdığı hissəsidir. İnsanların asan istifadə edə biləcəyi və funksional interfeyslər müştəri məmnuniyyəti üçün əvəzedilməzdir. İnterfeys dizaynı və veb dizayn sektorların bu səbəbdən ən çox axtardıqları xüsusiyyətlərdir. Bu bacarıqlara sahib insanlar da iş dünyasında əməklərinin qarşılığını alırlar.
Tamara Mustafayeva, Banco.az