İran və Rusiya-Ukrayna gərginliyi taxıl bazarlarına təsir göstərir | Banco.az

İran və Rusiya-Ukrayna gərginliyi taxıl bazarlarına təsir göstərir

Müəllif:Mehin Qasımova,Banco.az

Yaxın Şərqdə artan gərginlik və Rusiya-Ukrayna müharibəsinin ixrac marşrutlarına təsiri qlobal taxıl bazarında qiymətlərin yüksəlməsinə səbəb olub.

Banco.az xəbər verir ki, ABŞ-da taxıl fyuçersləri həftəyə artımla başlayıb. Bazarda enerji və gübrə tədarükünün pozula biləcəyi ilə bağlı narahatlıqlar, eləcə də Qara dəniz regionunda davam edən hərbi əməliyyatlar qiymətlərə dəstək verib.

Analitiklərin fikrincə, Rusiya və Ukrayna arasında qarşılıqlı hücumların əsas ixrac marşrutlarını hədəf alması treyderlərin daşınma riskləri ilə bağlı narahatlığını artırıb. Bu fonunda xüsusilə buğda qiymətlərində yüksəliş qeydə alınıb.

Ukrayna tərəfi Azov dənizində Rusiyaya məxsus tanker və yük gəmiləri də daxil olmaqla ümumilikdə 28 gəminin vurulduğunu iddia edib. Bildirilir ki, iyulun 6-dan bəri hədəfə alınan gəmilərin sayı 76-ya çatıb. Lakin bu məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Məlumata görə, Azov dənizində fəaliyyət göstərən tankerlər əsasən Krım və Rusiyanın nəzarətində olan ərazilərə neft məhsulları daşıyır.

Digər tərəfdən, Rusiya qüvvələri Ukraynanın taxıl ixracı üçün strateji əhəmiyyət daşıyan limanlara da zərbələr endirib. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, son hücumlarda müxtəlif bölgələrə 120 pilotsuz uçuş aparatı və 12 raket buraxılıb.

Rusiya Müdafiə Nazirliyi isə Odessa vilayətinin, eləcə də Qara dənizdə yerləşən Odessa, Çornomorsk və Dunay çayı üzərindəki İzmail limanlarının hədəf alındığını təsdiqləyib. Həmin limanlar Ukraynanın taxıl ixracında əsas logistika mərkəzləri hesab olunur.