"İqtisadiyyatı yenidən canlandırmaq, iş yerlərini bərpa etmək üçün vaxt lazım olacaq" | Banco.az

"İqtisadiyyatı yenidən canlandırmaq, iş yerlərini bərpa etmək üçün vaxt lazım olacaq"

Koronavirusun təsiri altında keçən 2020-ci ilin ilk 4 ayında Azərbaycanda cüzi də olsa iqtisadi artım baş verib.

Bu barədə Prezident İlham Əliyev bu gün Sumqayıtda “Gilan Tekstil Park” MMC-nin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında bildirib. Dövlət başçısı deyib ki, iqtisadi artım cəmi 0,2% olub.

«Əlbəttə, bu ilin yanvar-fevral ayları çox ümidverici idi. Sözün düzü, mən fikirləşirdim ki, biz bu ili rekord göstəricilərlə başa vuracağıq. Ancaq bu pandemiya həyatımıza müdaxilə edərək bizim planlarımızı pozdu. Amma buna baxmayaraq, Azərbaycanda dörd ayın yekunları göstərir ki, iqtisadiyyat az da olsa artıb - 0,2 faiz. Əlbəttə ki, bu, şərti artım sayıla bilər. Amma yenə də hələ ki, düşməyib»-deyə dövlət başçısı bildirib.

Prezident xatırladıb ki, başqa ölkələrin iqtisadi vəziyyəti ağırdır və iqtisadiyyat tənəzzülə uğrayıb: «Təkcə onu demək kifayətdir ki, bu gün dünyada 150-dən çox ölkə yardım üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Yəni, onların daxili maliyyə resursları imkan vermir ki, lazım olan işlər görülsün. Azərbaycanın bu siyahıda adı yoxdur. Biz o ölkələrdənik ki, öz gücümüzə bu bəla ilə mübarizə aparırıq».

İlham əliyev deyib ki, azərbaycan bir sıra xarici ölkələrə tibbi avadanlıq və maliyyə yardımları edib: «Bildirməliyəm ki, biz artıq 10-dan çox ölkəyə yardım göstərmişik, yük təyyarələri, tibbi ləvazimat, dezinfeksiya materialları göndərmişik. Bəzi ölkələrə maliyyə yardımı göstərmişik. Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə donor ianəsi etmişik. Belə ölkələrin sayı o qədər də çox deyil. Ona görə bu, bizim məsuliyyətimizi göstərir. Onu göstərir ki, biz pandemiyaya qarşı qlobal müstəvidə də fəal rol oynayırıq»-deyə dövlət başçısı bildirib.

Prezident bildirib ki, bu il qeyri neft sənayesi 16 faizdən çox artsa da, ölkədə iqtisadi çətinliklər var – valyuta ehtiyatları azalır, işsizlik isə artır: «Hər kəs bilməlidir ki, bizim valyuta ehtiyatlarımız azalıb. İqtisadiyyatı yenidən canlandırmaq, iş yerlərini bərpa etmək üçün vaxt lazım olacaq. Ona görə biz indi 90 min ictimai ödənişli iş yeri yaradırıq, 80 min ailə dövlətdən sosial yardım alır, özünüməşğulluq proqramı çərçivəsində 12 min ailəyə lazım olan vasitələr verilir. Bütün bunları biz edirik ki, işsizlik artmasın. Ancaq bütün ölkələrdə işsizlik artıbdır, ən inkişaf etmiş ölkələrdə sürətlə artıb. Yəqin indi rəqəmlər göstərəcək ki, bizdə də artıb».

Ən sərfəli kredit üçün müraciət et

Dövlət başçısının sözlərinə görə, dövlət işini itirənlərə sosial dəstəyini göstərir: «İşsiz, qeyri-formal məşğulluqda fəaliyyət göstərən və aztəminatlı kateqoriyaya aid olan 600 min insan dövlətdən iki ay ərzində 190 manat vəsait alır. Pandemiyadan ən çox zərər çəkən özəl sektorda 690 min insanın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Dövlət sektorunda çalışan 900 min nəfərin hər birinin əməkhaqqı ödənilir. Bu və digər tədbirlərə biz bütövlükdə 3,5 milyard manat vəsait ayırmışıq və nə qədər lazımdırsa, o qədər də ayıracağıq».

Dövlət başçısı bildirib ki, hazırda hökumət iqtisadi fəallığı bərpa etmək üçün təkliflər hazırlayır: «Bizim bundan sonra əsas vəzifəmiz koronavirusla bağlı vəziyyəti həm nəzarətdə saxlamaq və həm də artıq pandemiyadan çıxmağı planlaşdırmaqdır ki, bu çıxış həm hamar, həm səmərəli olsun və biz iqtisadi fəallığı maksimum qısa müddət ərzində bərpa edə bilək. Ona görə indi bütün dövlət, hökumət qurumları bu üç istiqamətdə təkliflər hazırlayırlar. Hesab edirəm ki, biz buna da nail olacağıq».

İlham Əliyev bildirib ki, koronavirusla mübarizə üçün bütün resurslar səfərbər edilib. Koronavirusla Mübarizəyə Dəstək Fondunda artıq 100 milyon manatdan çox vəsait yığılıb, amma indiyədək buradan 1 manat da xərclənməyib. Prezidentin ehtiyat fondundan tibbi avadanlıqların, ləvazimatların alınması üçün təxminən 100 milyon manat vəsait ayrılıb və əlavə olaraq 150 milyon manat ehtiyatda saxlanılır».

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et