İqtisadçıların həyatından 008 | Banco.az

İqtisadçıların həyatından 008

Tyallinq Çarliz Kupmans 28 avqust 1910-cu ildə Niderlandda anadan olub. O, 1927-ci ildə Utrext Universitetinin riyaziyyat və fizika təhsili alsa da, sonralar iqtisadiyyata marağı yaranır. Bu maraq həmin dövrdə Böyük depressiyanın başlanması ilə bağlı idi və iqtisadiyyatla ilk tanışlığı isə Karl Marksın “Kapital” əsəri ilə olub. Daha sonra Nobel mükafatı laureatı, iqtisadçı Yan Tinberqenin yanında təhsil almaq üçün Amsterdama gedir. Onun iqtisadiyyat sahəsində uğurları da elə burdan başlayıb. Kupmans riyazi iqtisaddan başqa statistika və ekonometrika sahələrində də tədqiqatlar aparır. Xüsusilə, 1935-ci ilin payızında Norveçə gedərək Nobel mükafatı laureatı, iqtisadçı Raqnar Frişin yanında işləmək onun həyatında böyük təsiri olur.

T.Kupmans əvvəlcə özünü riyaziyyata həsr edir, sonra isə riyazi biliklərini iqtisadiyyatda tətbiq edərək iqtisad elminə yaradıcı töhfələr verir. 1936-1938-ci ildə Kupmans müəllimi Yan Tinberqen Cenevrəyə, Millətlər Liqasının Maliyyə bölümünə işləməyə getdikdən sonra Rotterdamda Tinberqenin əvəzinə Erasmus Universitetində dərs deməyə başlayır. 1938-ci ildə isə özü də Cenevrəyə gedib Millətlər Liqasının Maliyyə bölümündə işləməyə başlayır və burada Yan Tinberqenin ABŞ iqtisadiyyatı üçün hazırladığı konyuktura modelini Böyük Britaniya iqtisadiyyatına tətbiq etmək üçün tədqiqatlara başlayır. Kupmans burada sonradan İqtisadiyyat üzrə Nobel mükafatı alacaq Ceyms Midlə də birlikdə tədqiqatlar aparmaq üçün yaxın əlaqələr qurur.

O, 1940-cı ildən sonra ABŞ-da Prinston Universitetində, Çikaqoda Koulz fondunda çalışıb. 1946-cı ildən isə ABŞ vətəndaşlığını qəbul edir. 1961-1967-ci illərdə T.Kupmans Koulz fondunun direktoru, 1978-ci ildə Amerika İqtisadçılar Assosiasiyasının prezidenti olub. 1981-ci ildə isə Yel Universitetinin fəxri professoru seçilmişdi. T.Kupmans mühüm elmi araşdırmaları rəqib bazarlar şəraitində resursların bölgüsünə, mikroiqtisadi nəzəriyyədə xətti proqramlaşdırma metodunun tətbiqinə, optimal artım meyarına, inkişafın proqramlaşdırılmasına həsr olunub. O, “resursların optimal bölgüsü nəzəriyyəsi” sahəsindəki tədqiqatları ilə və “fəaliyyət növlərinin təhlili” konsepsiyasının müəllifi olaraq da məşhurdur.

1975-ci ildә iqtisadiyyat sahәsindә “Optimallaşdırma vә resurslardan sәmәrәli istifadәnin nәzәriyyәsindәki töhfәsinә görә” ABŞ iqtisadçısı Tyallinq Kupmans (Tjalling Charles Koopmans) SSRİ iqtisadçısı Leonid Kantoroviç (Леони́д Вита́льевич Канторо́вич) ilə birgə Nobel mükafatına layiq görülüblәr.

Ən sərfəli kredit üçün müraciət et

T.Kupmans 26 fevral 1986-cı ildə 74 yaşında ABŞ-da vəfat edib. 

Əsas elmi əsərləri: 

1. Tankerin fraxt tarifi və neftdaşıma gəmilərinin quruluşu (Tanker freight rates and tankship building - 1939); 

2. Müxtəlif marşrutlarda yüklərarası nisbət (Exchange ratios between cargoes on various routes - 1942); 

3. İqtisadiyyatın dinamik modellərinin statistik yekunları (Statistical inference in dynamic economic models - 1950); 

4. Məhsulun hazırlanması və bölgüsü zamanı fəaliyyət növlərinin təhlili (Activity analysis of production and allocation - 1951); 

5. İqtisad elminin vəziyyəti haqqında üç oçerk (Three essays on the state of economic science - 1957). 

 

Hazırladı: Tərlan Qəhrəmanova və Tahir Əsgərli

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

iqtisadçıları tanıyaq, nobel iqtisadçıları, iqtisadçı alimlər, iqtisadçılar

Ən sərfəli krediti almaq üçün müraciət et