İqtisadçıların həyatından 007 | Banco.az

İqtisadçıların həyatından 007

Leonid Vitalyeviç Kantoroviç 1912-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində yəhudi ailəsində anadan olub. Hələ 5 yaşında olarkən Rusiyada inqilab və vətəndaş müharibəsi başladığına görə o, ailəsi ilə birgə Belarusiyaya köçür. 

Leonidin atası və qardaşı həkim idi. O, özü isə riyaziyyata çox həvəsli idi və parlaq riyazi bilikləri sayəsində o, 1926-cı ildə, 14 yaşında Leninqrad Universitetinin  fizika və riyaziyyat fakültəsinə daxil olur. Tələbəlik illərində onun ən yaxın dostları ondan 6 yaş böyük idi. Artıq 15 yaşında o yuxarı kursların elmi seminarlarında iştirak edirdi. Artıq 20 yaşında fakültənin dosenti, 22 yaşında isə professoru olur. O, ixtisasca riyaziyyatçı, funksional analiz, hesablama riyaziyyatı üzrə əsərlərin müəllifi; xətti proqramlaşdırmanın əsasını qoymuşdur, xalq təsərrüfatının planlaşdırılması və idarə olunması, xammal ehtiyatlarından səmərəli istifadə nəzəriyyəsinin yaradıcılarından biridir.

II Dünya müharibəsi illərində Hərbi Dəniz Mühəndisliyi Akademiyasında dərs deyirdi. Müharibədən sonra isə Leninqrad Dövlət Universitetinin Riyaziyyat və Mexanika İnstitutunda şöbə müdiri vəzifəsində çalışırdı. L.Kantoroviç SSRİ dövlətinin intensiv sənaye və iqtisadi yüksəliş dövründə (1930-cu illərdə) özünün riyazi tədqiqatlarının nəticələrini təcrübədə tətbiq edilməsinə böyük səylər göstərib. 1938-ci ildə laboratoriyada məsləhətçi işləyərkən gənc alim riyazi metodlar əsasında faner fabrikində avadanlıqların məhsuldarlığının maksimallaşdırılması sistemini işləyir və onun tətbiqi ilə iqtisadi səmərəliliyin əldə olunmasını təmin edir.

1948-ci ildə SSRİ dövlətinin başçısı İ.Stalinin sərəncamı ilə L.Kantoroviçin hesablayıcılar qrupu nüvə silahının hazırlanması prosesinə cəlb olunmuşdur. 1949-cu ildə "funksional analiz işinə görə" Stalin mükafatının laureatı oldu. 1958-ci ildə SSRİ Elmlər Akademiyasının iqtisadiyyat və statistika üzrə müxbir üzvü seçilir. Daha sonra 1965-ci ildə özünün düzləşdirmə proqramının metodları və iqtisadi modellərinə görə akademik V.S.Nemçinov və professor V.V. Novojilovla birlikdə Lenin mükafatına layiq görülür. L.Kantoroviç həmçinin bu dövrdə Novosibirsk Universitetində də dərs deyirdi. 1971-ci ildə o, Moskvaya qayıdaraq Dövlət Elm və Texnika Komitəsinin Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda çalışır, 1976-cı ildə isə SSRİ Elmlər Akademiyasının Sistem Tədqiqatlar İnstitutunun direktoru olur.

L.Kantoroviçin tədqiqatları resursların optimal bölgüsü nəzəriyyəsi, istehsalın optimallaşdırılması və planlaşdırılmasına, xətti proqramlaşdırmaya, iqtisadi kibernetikaya, iqtisadi göstəricilər və qiymətqoymaya həsr olunub. O, ilk elmi nəticələrini “Layihə çoxluqları” nəzəriyyəsində əldə edib.

Ən sərfəli kredit üçün müraciət et

1975-ci ildә iqtisadiyyat sahәsindә “Optimallaşdırma vә resurslardan sәmәrәli istifadәnin nәzәriyyәsindәki töhfәsinә görә” SSRİ iqtisadçısı Leonid Kantoroviç (Леони́д Вита́льевич Канторо́вич) ABŞ iqtisadçısı Tyallinq Kupmans ilə birgə (Tjalling Charles Koopmans) Nobel mükafatına layiq görülüblәr.

L.Kantoroviç 7 aprel 1986-cı ildə 74 yaşında Moskva şəhərində vəfat edib.

Əsas elmi əsərləri:

 

1. İstehsalın təşkili və planlaşdırılmasının riyazi metodları (Математические методы организации и планирования производства - 1939);

2. Resursların daha yaxşı istifadəsinin iqtisadi hesablanması

(Экономический расчет наилучшего использования ресурсов - 1959-1960);

3. Optimal planlaşdırmanın dinamik modeli (Динамическая модель оптимального планирования - 1964).

 

Hazırladı: Tərlan Qəhrəmanova və Tahir Əsgərli

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

iqtisadçıları tanıyaq, nobel iqtisadçıları, iqtisadçı alimlər, iqtisadçılar

Ən sərfəli krediti almaq üçün müraciət et