Pol Antoni Samuelson 15 may 1915-ci ildə ABŞ-ın İndiana ştatında yəhudi ailəsində anadan olub. O, bakalavr və magistr təhsilini Çikaqo Universitetində incəsənət üzrə alıb. Təhsilini başa vurduqdan sonra Harvard Universitetində elmi işçi və Massaçusets Texnoloji İnstitutunda isə iqtisadiyyat üzrə assistent kimi işləyib.
İncəsənət üzrə təhsil almağına baxmayaraq alim iqtisadi təhlilin əsasını qoyaraq elmə öz töhfəsini verib. Bununla o, 1941-ci ildə Harvard Universitetinin ən ali medalına, 1947-ci ildə isə Amerika İqtisadiyyat Assosiasiyası tərəfindən Con Beyts Klark medalına layiq görülüb.
Həmçinin bax: İqtisadçıların həyatından 001
1951-ci ildə Ekonometrika Cəmiyyətinin, 1961-ci ildə Amerika İqtisadi Assosiasiyasının, 1965-1968-ci illərdə Beynəlxalq İqtisadi Assosiasiyasının prezidenti olub.
Həm II Dünya müharibəsi illərində, həm də müharibədən sonra dövlətin makroiqtisadi siyasətinin həyata keçirilməsində, maliyyə resurslarının optimal idarəedilməsi və planlaşdırılmasında fəal iştirak edib. 1960-cı illərin əvvələrində isə ABŞ prezidentləri olan Con Kennedi və Lindon Consonun məsləhətçisi olub.
Ondan əvvəl riyaziyyatın köməyilə iqtisadi modellərin hazırlanmasında təkliflər verilsə də, Samuelson ilk dəfə bunu incəliklərinə qədər şərh edib. Alim iqtisadi təhlilin aparılmasında riyaziyyatın vacibliyini “Akselerasiya prinsipi və multiplikatorun sintezi”, “Multiplikator təhlili və akselerasiya arasındakı münasibət” adlı məqalələri ilə bir daha sübuta yetirib.
Onun 1948-ci ildə işıq üzü görmüş “Ekonomik: təhlilə giriş” əsəri bir çox dillərə tərcümə olunub. Bu əsərində, o, müharibədən sonra dünya iqtisadiyyatında baş verən dəyişikləri geniş təhlil edib. Eyni zamanda, Keynsin gəlirin səviyyəsinin təyin etmə nəzəriyyəsini inkişaf etdirib. Bundan əlavə, o, ölkələr arasında azad ticarətin vacibliyini əsaslandırmaqla, bunun ölkənin özünə daha çox fayda verdiyini vurğulayıb.
Alim 1970-ci ildə iqtisadiyyata gətirdiyi statik və dinamik iqtisadi nəzəriyyəyə görə Nobel mükafatına layiq görülüb. O, iqtisadiyyat sahəsində bu mükafatı alan 3-cü şəxsdir. İqtisadiyyat sahəsində Nobel mükafatı alan ilk amerikalı iqtisadçısı kimi P.Samuelson həm də termodinamikanın riyazi aparatını iqtisadi hadisələrin tədqiqinə uyğunlaşdıran ilk iqtisadçıdır. O, ekonometrika, makroiqtisadiyyat, iqtisadi artım və tarazlıq nəzəriyyələri sahəsində də önəmli tədqiqatların müəllifidir.
P.Samuelson 13 dekabr 2009-cu ildə 94 yaşında ABŞ-ın Massaçusets ştatı vəfat edib.
P.samuelsonun əsas elmi əsərləri bunlardır :
1. İqtisadiyyat: təhlilə giriş (Economics: An Introductory Analysis. - 1948);
2. İqtisadi təhlilin əsasları (Foundations of Economic Analysis. - 1947);
3. Xətti planlaşdırma və iqtisadi təhlil (Linear Programming and Economic Analysis. - 1958; P.Drofman vә R.Solou ilә müştәrәk);
4. Makroiqtisadiyyat (Macroeconomics. - 1995);
5. Mikroiqtasidiyyat (Microeconomics. - 1995);
6. İqtisadiyyat (Economics. - 2006; U.Nordhosla müştәrәk).
Hazırladı: Tahir Əsgərli və Tərlan Qəhrəmanova
Bizi sosial şəbəkələrdən izləyin!!
iqtisadçıları tanıyaq, nobel iqtisadçıları, iqtisadçı alimlər, iqtisadçılar