“iPhone 18” seriyasında dəyişiklik: Modellər ayrı-ayrı vaxtlarda təqdim ediləcək | Banco.az

“iPhone 18” seriyasında dəyişiklik: Modellər ayrı-ayrı vaxtlarda təqdim ediləcək

Müəllif:Mehin Qasımova,Banco.az

Apple-ın "iPhone 18" seriyası ilə uzun illərdir davam edən təqdimat ənənəsini dəyişməyə hazırlaşdığı bildirilir.

Banco.az xəbər verir ki, şirkətin yeni modelləri bir tədbirdə təqdim etmək əvəzinə, buraxılışları iki fərqli dövrə bölməyi planlaşdırdığı iddia olunur.

Məlumata görə, "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və Apple-ın ilk qatlanan "iPhone" modeli 2026-cı ilin payızında, standart "iPhone 18" isə 2027-ci ilin yazında təqdim ediləcək.

"iPhone 18 Pro Max" üçün dəyişkən diafraqmalı əsas kamera da gündəmdədir. Bu texnologiya kameraya daxil olan işığın miqdarını tənzimləməyə və çəkiliş zamanı daha çox nəzarət əldə etməyə imkan verir. Pro modellərinin yeni tünd albalı rəngində təqdim ediləcəyi də iddia olunur.

Apple-ın 2026-cı ilin ən çox gözlənilən yeniliyinin ilk qatlanan "iPhone" olacağı bildirilir. Qatlanan iPhone-un qiymətinin isə 2 000-2 500 dollar aralığında ola biləcəyi gözlənilir.

Əsas dəyişiklik standart "iPhone 18" üçün olacaq. Modelin Pro versiyaları ilə eyni vaxtda deyil, 2027-ci ilin yazında təqdim ediləcəyi bildirilir.