İnvestisiya bəyannaməsinə dəyişikliklərin qüvvəyə minmə müddədi 2 dəfə azaldılıb | Banco.az

İnvestisiya bəyannaməsinə dəyişikliklərin qüvvəyə minmə müddədi 2 dəfə azaldılıb

Azərbaycan parlamentinin bugünkü plenar iclasında “İnvestisiya fondları haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Təklif olunan dəyişikliyə əsasən, qanunun 8.4-cü maddəsi - "Nəzarət orqanı səhmdar investisiya fondunun investisiya bəyannaməsinə əlavə məlumatların daxil edilməsi barədə tələblər müəyyən edə bilər" ləğv olunur.

Həmçinin, 9.4-cü maddə yeni redaksiyada verilir. Dəyişikliyə əsasən, səhmdar investisiya fondunun investisiya bəyannaməsinə edilmiş əlavə və (və ya) dəyişikliklər qanunvericiliyin tələblərinə zidd olduqda və ya səhmdarların hüquqlarını məhdudlaşdırdıqda, nəzarət orqanı onları dövlət qeydiyyatına almaqdan imtina edir. Bu halda ərizənin daxil olduğu gündən 10 iş günü ərzində səhmdar investisiya fondunun investisiya bəyannaməsinə əlavə və (və ya) dəyişikliklərin dövlət qeydiyyatına alınmasından imtina barədə əsaslandırılmış qərar qəbul edilir və bu qərar 2 iş günü ərzində səhmdar investisiya fonduna göndərilir.

Hazırkı qaydalara əsasən, bu halda sənəd təqdim olunduğu tarixdən 10 iş günü ərzində səhmdar investisiya fonduna imtinanın səbəbləri göstərilməklə bildiriş göndərilir. İmtinadan inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər.

Bundan başqa, 9.5-ci maddəyə edilən dəyişikliklə "kütləvi informasiya vasitələrində” sözlərindən sonra “və səhmdar investisiya fondunun internet səhifəsində (olduqda)” sözləri əlavə edilir və həmin maddədə “30 təqvim günü” sözləri “15 iş günü” sözləri ilə əvəz edilir. Beləliklə, investisiya bəyannaməsinə əlavə və ya dəyişikliklər qüvvəyə minmə müddədi 2 dəfə azaldılıb.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda isə səhmdar investisiya fondunun investisiya bəyannaməsinə əlavə və (və ya) dəyişikliklər dövlət qeydiyyatına alındığı tarixdən 5 iş günü ərzində KİV-də açıqlanır və açıqlandığı tarixdən 30 təqvim günü bitdikdən sonra qüvvəyə minir.

Həmçinin, səhmdar investisiya fondunun və idarəçinin mühüm iştirak payının sahiblərinə və rəhbər vəzifələrini tutan şəxslərə dair tələblər artırlıb. Belə ki, əlavə edilən yeni maddəyə əsasən, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 7.3-cü maddəsində göstərilən siyahıya daxil olan dövlətlərin vətəndaşları və həmin dövlətlərdə qeydiyyatdan keçən hüquqi şəxslər olmamalıdır.

Müzakirələrdən sonra dəyişikliklər təsdiqlənib.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et