Bank işçisi olmaq müəyyən zamanlarda nə qədər prestijli hesab olunsa da bankirlərə qarşı münasibət heç zaman bir mənalı olmayıb, bu istər Azərbaycanda, istər digər ölkələrdə də belədir. Bankirlər, çox zaman “xəsis”, “hiyləgər”, “çox bilmiş”, “tamahkar” insanlar kimi xarakterizə olunur. Bəs bankirlərə qarşı bu neqativ assosiasiyanın arxasında nə dayanır. Beləliklə insanların bankirləri sevməməsinin 7 səbəbi:
1.İnvestisiya bankirləri maliyyə böhranın səbəbkarıdır.
2008-ci ildən bəri başlayan və nəticəsi özünü hələ də maliyyə dünyasında əks etdirib, maliyyə böhranı kimi başlayıb – sonradan iqtisadi böhrana çevrilən bu bəlanın baiskarları - bankirlər, onların törəmə alətlər əsasında verdiyi təminatsız kreditlər idi. Böhranın acı nətciləri, insanların işsiz qalması, bankirlər və müştərilər arasında yeni gərginlik dalğası yaratmışdı.
2. Ötən əsrin sonlarında Azərbaycan banklarında batmış vəsaitlər
SSRİ-nin dağılması ərəfəsində, Azərbaycanda yaranan bir sıra maliyyə piramidaları, özlərini bank kimi qələmə verən qurumlar – banklar ilə bağlı insanların yaddaşında ciddi neqativ qoyub getdi. Həmin dövrdə əllərindəki daşınmaz əmlakı və ya digər mülki nağd vəsaitə çevirib banklara yatıranların bir çoxları həmin vəsaiti itirdi. “Bankların batması” anlayışı da Azərbaycan leksikonuna daxil oldu.
3. Yalnız krediti verənə qədər dost
Kredit bumu dövründə bank mütəxəssislərinin əsas fəaliyyəti (Azərbaycanda) məhz kreditlərin verilməsində cəmlənmişdi. Əməkdaşların qazancları da bonuslardan asılı idi ki, bu da onları daha çox şirnikləndirirdi. Beləliklə ciddi təhlilə varmadan verilən kreditlər – sonra müştərilər üçün problemə çevrilir. Dünənə qədər dost olan bankir – isə gecikmə olanda insanların evlərinə, qohumlara(zaminlərə ) qədər zəng edir, bəzən müştərilərin evinə qədər gəlir.
4. Müştəriləri intihar həddinə çatdırma
Söhbət sadəcə Azərbaycandan getmir, məsələn 2011-12-ci illərdə İspaniyada ipoteka kreditlərinin yaratdığı böhran zamanı dəfələrlə -insanlar özlərini evlərinin eyvanından ataraq həlak etmişdir. Azərbaycanda da son devalvasiyalardan sonra kredit qurbanlarının sayı artdı. Çıxılmaz vəziyətə düşən müştərilər çarəni intiharda gördülər: Ölümcül Borc
5. “Şapka” məsələsi
Şapka – dedikdə bankın verdiyi kreditdən - qeyri leqal faizin tutulması başa düşülür. Məsələn, müştəri 40 min manat kredit alırsa, 28%-lə ödəyəcəyi faizdən əlavə verilən məbləğin 10-20%-i miqdarında şapka verməli olur. Əsasən həmin məbləğ banka, vasitəçilər tərəfindən kredit tranşının rəsmiləşdirilməsindən öncə çatır. Əsasən, ipoteka və ya digər iri həcmli kreditlər zamanı “şapka” mütləq elementə çevrilir. Bunun əvəzində bank əməkdaşları krediti 8% əvəzinə, 4%-lə rəsmiləşdirə və ya müddəti daha uzun etməkdə köməklik edir, ya da sadəcə qanunla mümkün variantları- öz yardımları kimi qələmə verir.
6. “İnsanlar banklara sevmir, çünki özləri savadsızdır”
Məşhur Bloomberg agentliyi belə hesab edir ki, insanlar bankların necə işlədiyini, biznesin nədən ibarət olduğunu başa düşmür, ona görə bu fəaliyyət növü onlara şübhəli gəlir. Maliyyə savadının yetərincə olmaması isə onların banklar tərəfindən suistifadə olunmasına və nəticədə bank xərclərinin daha çox olmasına gətirib çıxarır. Daha ətraflı oxu
7. Haqlı paxıllıq və həsəd hissi
Əlbəttə səbəbi bankirlərdən soruşsanız, yuxarıda qeyd olunanları əsassız adlandırıb, deyəcək ki, nifrətin əsas səbəbi paxıllıqdan irəli gəlir: Çünki dünənki tələbələr, bu gün həmin insanlardan dəfələrlə çox qazanır və daha gözəl həyat tərzi sürür (Söhbət daha çox investisiya bankirlərinə, portfolio menecerlərinə aiddir, amma hərçənd ki, bizim ənənəvi bankların filial menecerləri və ya şöbə müdirləri də heç də pis yaşamırlar. )
Təbii ki, bu yazı ilə bu “nifrətin” əsaslı olduğunu iddia etmirik, bankların indiyə qədər iqtisadiyyatın inkişafı üçün mühərrik rolunu oynaması danılmazdır. Amma banklar real biznesi dəstəkləməkdən daha çox, mənfəətli istehlak kreditləri paylayıb ki, indi də bunun acı nəticələrini yaşayırlar.
Könül Soltanova, Banco.az