Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, 2025-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisiti 6,1 milyard ABŞ dolları (ÜDM-in 7,8 %-i) təşkil edəcək.
IMF-in Yaxın Şərq və Mərkəzi Asiya iqtisadiyyatının inkişaf perspektivləri haqqında hesabatına görə, 2026-cı ildə CƏH profisiti 3,4 milyard ABŞ dollarına (ÜDM-in 4,1 %-i) qədər azalacaq.
2030-cu ilin sonuna cari əməliyyatlar hesabında 4,2 milyard ABŞ dolları (ÜDM-in 4,2 %-i) həcmində kəsir proqnozlaşdırılır.
Ötən il ölkənin cari əməliyyatlar hesabının profisiti 4,7 milyard ABŞ dolları təşkil edib ki, bu da ÜDM-in 6,3 %-nə bərabərdir.
Dünya Bankı Azərbaycanın cari əməliyyatlar hesabının profisitini 2025-ci ildə ÜDM-in 11,6 % səviyyəsində proqnozlaşdırır. Növbəti illərdə bank bu göstəricinin azalmasını gözləyir: 2026-cı ildə ÜDM-in 5,4 %-nə, 2027-ci ildə ÜDM-in 3,8 %-nə, 2028-ci ildə ÜDM-in 3,6 %-nə və 2029-cu ildə ÜDM-in 3,4 %-nə qədər.
Azərbaycan hökumətinin proqnozlarına görə, 2025-ci ildə CƏH profisiti ÜDM-in 5,6 % səviyyəsində gözlənilir. 2025-2028-ci illərdə, neft və qaz hasilatı üzrə proqnozlar nəzərə alınmaqla cari əməliyyatlar hesabının profisiti ildə təxminən ÜDM-in 3 %-ni təşkil edəcək.
Azərbaycan Mərkəzi Bankı isə 2025-ci ilin nəticələrinə görə tədiyə balansının cari əməliyyatlar hesabının profisitini 4 milyard ABŞ dolları səviyyəsində (yanvarda 5,5 milyard ABŞ dolları proqnozlaşdırırdı), 2026-cı ildə isə 3,5 milyard ABŞ dolları səviyyəsində gözləyir.
report