“İki il ərzində Azərbaycanın neft hasilatı 4 milyon ton azalacaq” - İqtisadçı Razi Abbasbəyli | Banco.az

“İki il ərzində Azərbaycanın neft hasilatı 4 milyon ton azalacaq” - İqtisadçı Razi Abbasbəyli

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,56 ABŞ dolları, yaxud 2,99 % azalaraq 83,17 ABŞ dolları təşkil edib.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçersləri 80,89 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Neftin qarşıdakı aylar ərzində də qiymətinin aşağı düşməyə davam edəcəyini bildirən iqtisadçı Razi Abbasbəyli  Banco.az-a açıqlamasında xatırlatdı ki, son iki ay ərzində neftin qiymətində təxminən 17 faizə qədər ucuzlaşma baş verib:

“Azərbaycanın ixrac etdiyi məhsullar içində neft əsas yer tutur. Bu məhsulun qiymətinin aşağı düşməsi  valyuta ehtiyatlarımıza, milli valyutanın həcminə, büdcə proqnozlarının idarəedilməsinə birbaşa təsir göstərir.

Azərbaycan üzən məzənnə sisteminə keçməsə də, milli valyutanın kursu Mərkəzi Bank tərəfindən daha çox inzibati yollarla, inzibati alətlərlə idarə olunur. Yaxın gələcək üçün proqnozlaşdırılmasa da, neftin qiymətinin aşağı düşməsi manat üçün təhdid yarada bilər. Çünki, Neft Fondundan proqnozlaşdırılan gəlirlərin azalması transferlərin həcminə təsir göstərə bilər. Təkcə qiymətlər ucuzlaşmır, Azərbaycanda neft hasilatı da sürətlə azalır. Məsələn, proqnozlara görə, 2024 -2025-ci ildə Azərbaycanda 30 milyon ton neft hasil olunacaq. 2022-ci ildə bu rəqəm 34 milyon ton idi. Deməli, iki il ərzində Azərbaycanın neft hasilatı 4 milyon ton azalacaq. Bu, kifayət qədər ciddi rəqəmdir”.

Ən sərfəli kredit üçün müraciət et

2030-cu ilə qədər həm neftin qiymətinin ucuzlaşması,  həm də hasilatın kəskin azalmasının proqnozlaşdırıldığını qeyd edən iqtisadçı bildirdi ki, belə olan təqdirdə, Mərkəzi Bank istər büdcə proqnoz və xərcləri ilə, istərsə də milli valyutanın məzənnəsinin idarə edilməsi ilə bağlı uzunmüddətli strateji planları hazırlamalıdır:

Əks təqdirdə, 2024-cü  ildən sonra manatla bağlı ciddi narahatlıqlar yaşana bilər...

“Bütün hallarda hökumət maliyyə siyasəti ilə bağlı manatın kursunun tənzimlənməsi ilə bağlı olaraq atacağı addımları 2030-cu ilə hədəfləməlidir.  İxracatının 80 faizi neftdən asılı olan Azərbaycanın təcili olaraq yaxın 10 il üçün strateji maliyyə siyasəti hazırlamalıdır. Bununla bağlı proqramlar müzakirə edilməlidir və uzunmüddətli dövrlər üçün qərarlar qəbul olunmalıdır”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et