“Sumqayıt Kimya Sənaye Parkında 2017-ci ilin dekabr ayının 15-də təməli qoyulan Yunəyrici-Boyaq Fabrikinin tikintisi artıq başa çatdırılıb. Hazırda fabrikdə Türkiyə, Almaniya, Fransa, İtaliya və Yeni Zelandiya istehsalı olan avadanlıqlar quraşdırılır. Yunəyrici-Boyaq Fabrikinin 2020-ci ilin mart ayında istifadəyə verilməsi nəzərdə tutulub”.
Bunu kütləvi informasiya vasitələrinə açıqlamasında “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, professor Vidadi Muradov bildirib.
“Azərxalça”nın sədri əlavə edib ki, bu fabrikdə təmiz yun, təbii və kimyəvi boyalarla boyanmış yun iplik istehsal ediləcək. Fabrik fəaliyyətə başladıqdan sonra republikanın xalçaçılıq müəssisələrinin yun ipliyə olan tələbatı ödəniləcək, idxaldan asılılıq tamamilə aradan qaldırılacaqdır. Bu müəssisədə ildə 1500 ton yun emal ediləcək. Fabrikin iplik istehsalı gücü birnövbəli iş rejimində ildə 250 tondur. Fabrikdə istehsal olunacaq iplik nəinki daxili tələbatı ödəyəcək, eyni zamanda ixrac imkanı da yaradacaqdır. Burada istehsal ediləcək təmiz yun isə xammal kimi satışa çıxarılacaq. Bu istiqamətdə araşdırmalar aparılıb, hansı ölkələrdə belə xammala tələbatın olduğu müəyyənləşdirilib.
“Yunəyrici-Boyaq Fabrikinin xammalla təmin olunması məqsədilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Qobustandakı regional məntəqənin açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Bu məntəqələrin hər birində 300 ton olmaqla, ildə 1500 ton yun qəbul ediləcək. Tədarük məntəqələrinin yerləşdiyi yer seçilərkən nəzərə alınıb ki, onlar ölkəmizin bütün bölgələrini əhatə etsin. Bu ilin may ayında fəaliyyətə başlayan regional məntəqələrdə yun tədarükünü davam etdiririk. İndiyədək 200 tondan çox yun tədarük olunub. 2020-ci ildən regional məntəqələrdə boyaq bitkilərinin də qəbulu həyata keçiriləcək. Bunun üçün artıq respublikamızın rayonlarında maarifləndirmə, eksperiment xarakterli boyaq bitkilərinin toplanması işlərinə başlanılıb.
Bütün bunların nəticəsi olaraq, 2020-ci ilin ikinci rübündən bizim xalça istehsalı emalatxanalarımız yerli xammaldan istifadə edərək xalça toxuyacaqlar. Əlbəttə ki, bu da xalçanın maya dəyərini aşağı salacaq və toxuduğumuz xalçaların satışının intensivliyinə müsbət təsir göstərəcək”,- Vidadi Muradov deyib.
Marja