2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda sığorta şirkətlərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ümumi sığorta haqları 27,56 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 19,9% çoxdur. Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) məlumat verilib.
Azərbaycanda 3 sığorta şirkəti bu sığorta növü üzrə xidmətlər göstərir.
ASA-nın məlumatına görə, 2014-cü ilin yanvar-noyabr aylarında sığortaçılar qeyd olunan sığorta növü üzrə 2,09 mln. manat (artım 85,4%) məbləğində ödəniş ediblər.
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanun 2010-cu ilin iyul ayında təsdiq edilib. Həmin ilin dekabrında bu sığorta növü üzrə xidmətlərin göstərilməsi üçün normativ-hüquqi aktların təsdiq edilməsi prosesi başa çatıb.
Nazirlər Kabineti 2010-cu ilin noyabrında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərini təsdiqləyib. Nazirlər Kabinetinin qərarına əsasən, iqtisadi fəaliyyətin bütün növləri 14 risk səviyyəsinə ayrılıb. Riskin bu səviyyəsindən irəli gələrək qulluqçular və fəhlələr üçün sığorta tarifinin həcmi müəssisənin risk səviyyəsindən asılı olaraq 0,2%-dən 2%-ə qədər təşkil edir.
Qanuna əsasən, sığorta tarifi müəssisədə əmək haqqı fonduna hesablanır.
Qanunda üç növ sığorta ödənişi nəzərdə tutulur: aylıq, birdəfəlik və əlavə.