Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az
Əmək bazarında bəzi sahələrdə işçi tapmaq çətinləşsə də, bu vəziyyət hər zaman əməkhaqlarının artması ilə nəticələnmir. Müəssisələr vakansiyaları uzun müddət açıq saxladıqları halda, təklif olunan maaşlar iş axtaranların gözləntilərini qarşılamaya bilər. Digər tərəfdən, işəgötürənlər artan əməkhaqqı xərclərinin biznesin gəlirliliyinə təsirindən də çəkinə bilərlər. İşçi çatışmazlığı ilə maaş artımı arasındakı bu uyğunsuzluğun səbəbləri maraq doğurur. İşçi çatışmazlığı olan sahələrdə maaşların artmamasının əsas iqtisadi səbəbləri hansılardır?
Banco.az-a açıqlamasında İnsan Resursları üzrə mütəxəssis Abid Səmədov bildirir ki, burada əsas məsələ əmək bazarında işçi çatışmazlığının olması deyil, müəssisələrin həmin çatışmazlığa hansı iqtisadi şəraitdə və necə reaksiya verməsidir.
“İlk növbədə, işçi çatışmazlığı avtomatik olaraq əməkhaqlarının artmasına səbəb olmur. Çünki maaşların müəyyənləşməsinə təkcə tələb və təklif deyil, müəssisənin maliyyə imkanları, məhsuldarlıq səviyyəsi, mənfəət marjası və bazarda qiymətləri artırmaq imkanı da təsir edir. Məsələn, aşağı gəlirliliklə fəaliyyət göstərən müəssisə işçi tapmaqda çətinlik çəksə belə, maaşları artırmaq üçün kifayət qədər maliyyə resursuna malik olmaya bilər.
İkinci mühüm məqam işəgötürənin seçimidir. Bəzi hallarda maaşları artırmaq əvəzinə, mövcud heyətlə işləmək, işçilərin əlavə iş saatlarından istifadə etmək, avtomatlaşdırmaya investisiya qoymaq və ya istehsal həcmini azaltmaq daha sərfəli görünə bilər. Lakin bu yanaşma uzun müddət davam etdikdə mövcud əməkdaşların həddindən artıq yüklənməsi, xidmət keyfiyyətinin aşağı düşməsi və işçilərin işdən ayrılması kimi əlavə xərclər yarada bilər”.
O deyir ki, əməkhaqlarının artırılması həmişə xərc kimi qiymətləndirilməməlidir: “Əgər daha yüksək maaş müəssisəyə uyğun namizədləri cəlb etməyə, işçi dövriyyəsini azaltmağa və məhsuldarlığı yüksəltməyə imkan verirsə, bu qərar uzunmüddətli perspektivdə daha sərfəli ola bilər.
İşçi çatışmazlığı davamlı xarakter aldıqda isə bir neçə nəticə mümkündür: əməkhaqlarına yüksələn təzyiq, məhsul və xidmətlərin istehsal xərclərinin artması, qiymətlərin yüksəlməsi və bəzi hallarda müəssisələrin fəaliyyət həcminin azalması. Bununla belə, avtomatlaşdırma, əmək məhsuldarlığının yüksəldilməsi və işin daha səmərəli təşkili bu təsirləri müəyyən qədər zəiflədə bilər”.
“Əsas sual yalnız “niyə maaşlar artmır?” deyil, həm də “müəssisələr işçi çatışmazlığının real iqtisadi xərcini nə dərəcədə düzgün hesablayırlar?” sualıdır. Çünki bəzən maaşları artırmamaq qısamüddətli qənaət yaratsa da, uzunmüddətli perspektivdə daha böyük itkilərə səbəb ola bilər” – deyə A.Səmədov əlavə edib.
