2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 452 milyon 366,3 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 11,3% çoxdur.
Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 304 milyon 513,3 min manat (artım 11,1%) və ya bazar üzrə bütün sığorta haqlarının 67,3%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 158 milyon 679,6 min manat (artım 20,7%), qeyri-həyat sığortası üzrə sığorta haqları 145 milyon 833,7 min manat (artım 2,2%) təşkil edib.
Yanvar-iyun aylarında icbari sığorta növləri üzrə sığorta haqları 147 milyon 853 min manat (artım 11,8%) təşkil edib.
Hesabat aylarında sığortaçılar həyatın yaşam sığortası (140 milyon 623,3 min manat), könüllü tibbi sığorta (70 milyon 768,6 min manat) və avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (46 milyon 757,8 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Yanvar-iyun aylarında bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 57,1%-ni təmin edib.
Bu dövrdə sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 248 milyon 199,5 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 31,8% çoxdur.
Yanvar-iyun aylarında sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 183 milyon 663,4 min manat (artım 19,2%) və ya bazar üzrə bütün ödənişlərin 74%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 139 milyon 513,8 min manat (artım 28,8%), qeyri-həyat sığortası üzrə ödənişlər 44 milyon 149,6 min manat (azalma 3,4%) məbləğində olub.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər 64 milyon 536,1 min manat (artım 1,9 dəfə) təşkil edib.
Bu dövrdə sığortaçılar həyatın yaşam sığortası (137 milyon 731,7 min manat), könüllü tibbi sığorta (32 milyon 196,3 min manat) və avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (32 milyon 78,4 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Bütövlükdə, hesabat dövründə bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 81,4%-ni təmin edib.
İyun ayının sonuna Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.
İnterfaks
Bizi sosial şəbəkələrdən izləyin!!