Nigar Umaxanlı , Banco.az
Əgər ən yaxşı namizədi işə götürmək istəyirsinizsə, onlara dərindüşüncəli olduqlarını nümayiş etdirməyə şərait yaradın. İş müsahibələrinin əsas məqsədi namizəd haqqında mümkün qədər çox şey öyrənmək və onunla uzunmüddətli münasibət qurmağın məqsədəuyğun olub-olmadığını müəyyən etməkdir. Bu isə həmişə alınmır. Çünki müsahibələr bir qayda olaraq standart plan üzrə keçirilir. Dialoq konstruktiv olmur və nəticədə namizədin potensialı tam görülmür.
Problem bundadır ki, müəssisələrin nümayəndələri düzgün sual vermir. Hər kəs internetdə “müsahibədə verilə biləcək ən çətin suallar”ın siyahısını tapıb “doğru” cavabları əzbərləyə bilər. Bu şəkildə müsahibə teatr tamaşasına çevrilir. HR-ın qarşısında gerçək insan deyil, uydurma personaj durur. Gözəl, bəlağətli danışan şəxslər HR-menecerin nəzərində ən münasib namizəd olur. Bəzən həmin namizədlər vakant vəzifəyə uyğun gəlmir. Aparılan araşdırma göstərib ki, orta hesabla beş yeni işçidən sadəcə biri, başqa sözlə, 19% əməkdaş iş yerində uğur qazanır.
Həmçinin oxu: Yeni əməkdaşın işin öhdəsindən gələ bilməyəcəyini göstərən 5 əlamət
Buna baxmayaraq elə bir sual mövcuddur ki, ona hazırlaşmaq, “məşq” etmək mümkün deyil. Bu suala səmimi cavab almaq olar. Sual belə səslənir:
Siz bizdəki mövcud problemi necə həll edərdiniz?
Hər bir şirkətin özünəməxsus, unikal problemləri olur. Təsvir etdiyiniz situasiya namizədin iddia etdiyi vakansiya ilə bilavasitə əlaqəli olmalıdır. Namizədin harada təhsil aldığı, harada işlədiyi, hansı kitabları oxuduğu, hansı heyvanı öz totemi hesab etdiyi və s. barədə cəfəngiyyatı soruşa bilərsiniz. Bunun yerinə daha yaradıcı sual verin:
“Bizim aparıcı dizaynerimizin mükəmməl ideyaları olur, lakin onların alıcıların gözündə necə göründüyünü anlaya bilmir.
Siz ona necə kömək edərdiniz?”
Və ya “Mövcud proqram məhsullarına dəstəyi minimuma endirməyə çalışırıq. Bu dəstəyə ehtiyacı olan potensial müştərilərdən necə qurtula bilərik?”
Həmçinin oxu: İş müsahibəsində nələri gizlətmək lazımdır?
Situasiyanı təfərrüatı ilə və konkret təsvir edə bilsəniz, həmsöhbətinizin daha çox imkanı olacaq ki, şəxsi təcrübəsini, bilik və bacarıqlarını real problemə tətbiq etsin. Cavabı dinlədikdən sonra vəziyyətə uyğun suallar verin. Bu zaman qarşınızda oturan işaxtaranın nə cür insan olduğunu dəqiqləşdirəcəksiniz. Bu tip müsahibənin bir bonusu da var: Yekun nəticədə namizədi işə götürməsəniz belə şirkətin problemləri ilə bağlı təzə fikirlər öyrənmiş olacaqsınız.
Bizi sosial şəbəkələrdən izləyin!!