Təcrübə göstərir ki, yeni işçinin müəssisədəki ilk üç ayı onun uzunmüddətli perspektivdəki fəaliyyətini müəyyənləşdirir. Çoxları işdəki uğursuzluqların bacarıq əskikliyi ilə bağlı olduğunu düşünür. Lakin əslində əməkdaşın şəxsiyyəti və onun işə yanaşması daha böyük rol oynayır. Bir işçi korporativ mədəniyyətə uyğun deyilsə, ətrafındakılara mane olur. Hər halda heç kəs hörmət etmədiyi bir insanla işləmək istəməz. Nəticədə komandanın məhsuldarlığı azalır və rəhbər səbəbkarın kim olduğunu tapmalı olur. Sonda ən zəif bənd işdən çıxarılır. Yeni insanlar mövcud olan qruplara tez-tez qoşulurlar. Korporativ mədəniyyətlə uzlaşmayan, iş yoldaşları ilə ortaq dil tapa bilməyən əməkdaşı isə birgə əməyə məcbur etməyin mənası yoxdur. Onu buraxıb başqasını axtarmaq daha məqsədəuyğundur.
Əgər yeni əməkdaş özünü aşağıdakı kimi aparırsa, düşünməyə dəyər.
1. “Nə iş olsa, edə bilərəm”
Əgər yeni işçi hər işin qulpundan yapışırsa və hər şeyi bacaracağını bəyan edirsə, komandanın digər üzvlərinə öz mükəmməlliyini, onlardan daha üstün olduğunu sübut etməyə çalışır. Əlbəttə ki, öz gücünə inanmaq yaxşıdır, ancaq tək-tük insan hər işin öhdəsindən gələ bilər. İşəgötürənə öz işinin mütəxəssisi lazımdır ki, sırf ona tapşırılmış vəzifə öhdəliklərini yerinə yetirsin. Unutmayın ki, hər komanda üzvünün öz ixtisaslaşması olmalıdır. İlk üç ayda yeni əməkdaş özü üçün yəqinləşdirməlidir ki, həmkarları hansı işlə məşğul olur və o özü ümumi işə necə töhfə verə bilər. Bütün heyətin vahid bir məqsədi olmalıdır: uğur əldə etmək.
2. “Hamınız mənə uyğunlaşmalısınız”
Dərhal tələblərini səsləndirməyə başlayan yeni işçilər başqalarına əlavə çətinlik yaradırlar. Yeni işçi həmkarları üçün həyatı çətinləşdirməkdənsə, həyatı necə asanlaşdıracağını düşünməlidir. İşçi kollektivə nə qədər çox fayda verirsə, bir o qədər tez fərqlənir və qiymətləndirilir.
3. “Mən yalnız vacib insanlarla danışıram”
Yalnız nüfuzu olanlara diqqət yetirən yeni işçilər komandada necə işləməyi bilmirlər. Bunlar katiblər və digər şöbələrin nümayəndələri ilə salamlaşmayan və kiçik olduğu təqdirdə kiminsə ümumi işə verdiyi töhfəyə əhəmiyyət verməyən prinsipsiz və başqasından xeyir güdən insanlardır. Yeni işçilərə dostlar çox lazımdır, çünki kimin köməyinə ehtiyac yaranacağını əvvəlcədən bilmirlər.
Həmçinin oxu: İş yerində xoşbəxt olduğumuzu niyə gizlətməliyik?
4. “Mən artım gözləyirəm”
Daim karyerada irəliləməsi haqqında danışan yeni işçilər, ümumiyyətlə, özləri və işləri ilə çox məşğul olurlar və məqsədlərinə çatmaq üçün yolunu kəsən hər kəsi tapdayıb keçməyə hazırdırlar. Yeni işçilər işəgötürənin gözləntilərini aşmaq üçün bacarıqlarını inkişaf etdirmək üçün hər cür səy göstərməlidir. Vicdanlı əmək etibar və hörmət qazanmağın ən yaxşı yoludur, çünki nəticədə vəzifədə yüksəlməyə səbəb olur.
5. “Mən bunu edə bilərəm, amma həddindən artıq işləməyimi gözləməyin”
Özünü əziyyətə salmağı xoşlamayan yeni işçilər işəgötürənlə etibarlı və qarşılıqlı mənfəət təmin edən münasibət qurmaq üçün əmək sərf etmirlər. Hər hansı bir ortaqlıq investisiya tələb edir. Bir işçi ilk günlərdən işəgötürənin ondan razı qalması üçün çalışmırsa, deməli, gələcəkdə də onun münasibətində dəyişiklik olmayacaq. Bundan əlavə, bir şey baş verərsə, ona etibar edə bilməzsiniz. Yeni işçilər yalnız işəgötürənin gözləntilərinə cavab verməməli, həm də onları aşmağa çalışmalıdırlar. Bu, ofisdə mümkün qədər çox vaxt sərf etmək demək deyil. Əksinə, daha məhsuldar işləyib minimum müddətdə gözlənilən nəticələrə nail ola bilməkdir.
İşçini işə götürərkən onların davranışlarını müşahidə edin. Problemin ilk əlamətlərini görən kimi məsələyə müdaxilə edin ki, mümkün xərcləri minimuma endirə biləsiniz. Uzaqgörən əməkdaş işə götürülən kimi kollektivə uyğunlaşır, vicdanla işləyir və ehtiyac yarandıqda kömək üçün müraciət edir ki, işin öhdəsindən gəldiyinə əmin olsun.
Nigar Umaxanlı, Finco.az