“Son müşavirə bir daha onu göstərdi ki, hökumət qeyri-neft sektorunu inkişaf etdirməkdə maraqlıdır ”.
Banco.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycanda qeyri-neft sektorunun inkişafının yolu sahibkarlığın inkişaf etdirilməsindən keçir.
İqtisadçı-ekspert hesab edir ki, sahibkarlığın inkişaf etdirilməsi üçün bəzi problemlər aradan qaldırılmalıdır. Samir Əliyevin fikrincə, bununla bağlı ilk növbədə lisenziyalaşdırma sahəsində islahatların aparılmasına ehtiyac var: “Bizdə 2002-ci ildə prezidentin lisenziyalaşdırılma ilə bağlı müvafiq sərəncamı oldu və orda xeyli fəaliyyət növləri var idi ki, bunlar lisenziya fəaliyyətindən azad olundu. 2002-ci ildə atılmış bu addım lisenziyalaşma sahəsində kifayət qədər irəli atılmış addım idi. Ancaq sonrakı dövrlərdə bu təşəbbüs davam etmədi, təkmilləşmədi və bir növ əks proseslər baş verdi. Yəni, lisenziyaların artırılması prosesi baş verdi”.
Samir Əliyev lisenziyaların sayının azaldılmasının sahibkarların vaxt itkisinin qarşısını alacağını və onları əlavə xərclərdən azad edəcəyini düşünür. Bunun üçün o, lisenziyalaşdırma sahəsində vahid pəncərə sisteminin tətbiq olunmasını və bəzi sahələrə indiki kimi 5 illik yox, xaricdə olduğu kimi müddətsiz lisenziyaların verilməsini təklif edir: “Lisenziyanın alınması ilə bağlı kifayət qədər problemlər var. Misal üçün, sahibkar şirkətin fəaliyyət göstərməsi üçün bəzi halda bir neçə dövlət qurumundan lisenziya almaq məcburiyyətində qalır. Bu, sahibkarlıq üçün vacib əlamətlərdən biridir. Sahibkarların bir neçə quruma müraciət etməməsi üçün lisenziyalaşdırma sahəsində vahid pəncərə sisteminin tətbiqi yaxşı olar. Elektron şəkildə, onlayn qaydada lisenziyanın alınması prosesi tətbiq olunsa, çox yaxşı olar. Bundan başqa, bu gün dünyada lisenziyaların müddətsiz verilməsi yanaşması mövcuddur. Yəni, bir qayda olaraq müəyyən sahələr var ki, həmin sahələrə lisenziya müddətsiz verilir”.
S. Əliyev əlavə edib ki, bu gün sahibkarlıq fəaliyyəti dəxli olan və dəxli olmayan qurumlar tərəfindən yoxlamalara məruz qalır. Bunun sahibkarlara problem yaratdığını düşünən iqtisadçı-ekspert yoxlama aparan qurumların fəaliyyət çərçivələrinin konkretləşdirilməsini vacib sayır: “ Müəyyən edilməlidir ki, bu qurumlar konkret nəyi yoxlamalıdır. Çünki bəzi dövlət qurumları öz sahəsinə aid olmayan sahələri də yoxlamağa çalışır. Sahibkarlıq fəaliyyətini yoxlayan dövlət qurumlarının səlahiyyət çərçivəsi dəqiqləşdirilməlidir. Yəni, sahibkar bilməlidir ki, qurumun yoxlayacağı sahələr nələr olmalıdır. Bunun üçün müvafiq normativ aktlar, təlimatlar mütləq olmalıdır. Bundan başqa, elektron yoxlama sisteminə keçid sürətlənməlidir. Məsələn vergi sahəsində müəyyən fəaliyyətlər elektron qaydada yoxlanılır. Amma digər sahələri də elektron qaydada yoxlamaq, xüsusən də maliyyə sənədlərinin elektron qaydada yoxlanılması məsələsi öz həllini tapmalıdır”.
S. Əliyev vergitutma sahəsində də bəzi addımların atılmasını zəruri hesab edir. O, neftin ucuzlaşması səbəbindən vergilərin artırılması yolu ilə büdcənin doldurulmasının əleyhinə olduğunu qeyd edib. Onun fikrincə, vergilərin artırılması kiçik və orta sahibkarlığın inkişafına əngəl yarada bilər: “Mən düşünürəm ki, son vaxtlar yoxlamaların artması, xüsusilə vergi sahəsində cərimələrin artması ona gətirdi çıxartdı ki, şirkətlər bu cərimələri ödəyə bilmədilər və nəticədə şirkət bağlanmaq məcburiyyətində qaldı. Bu vəziyyət aradan qaldırılmalıdır”.
Bunun əksinə, iqtisadçı ekspert hesab edir ki, kiçik və orta sahibkarlığın inkişafı üçün vergi güzəştləri tətbiq edilməlidir: “İndiki dövrdə neft gəlirlərinin azalması səbəbindən büdcənin mütləq neftdən kənar sahədən daha çox pul götürülməsi üçün ilk nəzərləri vergiyə yönəldir. Belə bir fikir yaranır ki, vergi artırılmalıdır ki, heç olmasa neftin ucuzlaşması səbəbindən gəlirlərin azalmasına görə baş verən itkilər kompensasiya olunsun. Ancaq mən düşünürəm ki, bu düzgün addım deyil. Biz əgər 2016-cı il və qarşıdakı illərdə büdcəni doldurmaq üçün vergiləri artırsaq, bu sahibkarları daha da boğacaq. Yəni, vergidən yayınma halları daha da artacaq. Əgər vergidən daxilolmaları artırmaq istəyiriksə, mütləq vergi tutma maksimum dərəcədə sadələşdirilməlidir. Lazım olsa, vergilər yumşaldılmalı və vergi güzəştləri tətbiq edilməlidir. Xüsusilə yeni yaranan müəssisələr və xarici şirkətlər ilkin dövrdə vergidən azad olunmalı və ya müəyyən güzəştlər olmalıdır. Həm yerli, həm də xarici şirkətlərə elə şərait yaratmalıdır ki, onlar gəlib burada müəssisə açsınlar, yeni iş yerləri yaratsınlar”.
S. Əliyev deyib ki, vergi sahəsindən daxilolmaların artırılması üçün sahibkarlar əlavə ödənişlərdən azad olunmalıdır. Üstəlik, iqtisadçı-ekspert qanuna əməl edən sahibkarlara qanunu pozan sahibkarlar arasında fərq qoyulmasını zəruri sayır: “ Mən düşünürəm ki, ümumiyyətlə, sahibkarlar öz qeyri-rəsmi dövriyyəsini rəsmiləşdirməlidir. Sahibkar əmin olmalıdır ki, bu dövriyyəsini rəsmiləşdirsə, ondan heç kim gəlib artıq pul istəməyəcək. Ancaq bu belə deyil. Bizim müşahidələr onu göstərir ki, hazırda təmiz işləyən sahibkarlarla, təmiz olmayan, qanunu pozan sahibkarlar arasında heç bir fərq qoyulmur. Ancaq əlavə ödənişlərin alınması sahəsində fərq ola bilər. Yəni, təmiz işləyən təşkilat, qurum, müəssisə də əsassız olaraq dövlət qurumu tərəfindən cərimələnir. Bu problem aradan qalxmalıdır. Təmiz işləyən quruma müdaxilə olmamalıdır. Bu belə olsa, inandırım ki, o sahibkarlar dövriyyəsini qanuniləşdirməli olacaqlar. Bundan başqa, vergi dərəcəsi ilə işçilərin sayında mütənasiblik olmalıdır. Daha çox işçi cəlb edən şirkətin vergi güzəşti daha çox olmalıdır”.
Onun sözlərinə görə, yerli istehsalı artırmaq üçün kənd təsərrüfatında olduğu kimi, emal sənayesində, innovasiyalar sahəsində də vergi güzəştləri olmalıdır.
Bundan başqa, S. Əliyev məhkəmə sisteminin müstəqil olmasının sahibkarlığın inkişafına töhfə verəcəyini düşünür.
İqtisadçı-ekspert inhisarçılığı da sahibkarlıq fəaliyyəti üçün problemlərdən biri sayır: "Azərbaycan bazarı kiçik bazar olduğuna görə burda iri şirkətlər gəlir əldə edə bilmir və buna görə də müxtəlif yolla kiçik və orta şirkətləri əsassız yoxlamalar şəklində, cərimələr şəklində sıradan çıxarmağa nail olur və konkret məhsul növü üzrə onlar hökmran mövqeyə sahib olurlar. Buna görə də bazara istədikləri qiyməti diktə edirlər".
Bununla yanaşı, ekspert düşünür ki, ölkədə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün onların ucuz maliyyə resurslara çıxış imkanları artırılmalıdır. Neftin ucuzlaşmasının iqtisadiyyatı neftdən asılı ölkələr üçün problemlər yaratdığını deyən S. Əliyev vurğulayıb ki, bu riskləri təhlükəni imkanlara çevirməliyik.
“Ona görə qeyri-neft sektoru inkişaf etdirilməlidir. Hökumət də bunu anlayır ki, qeyri-neft sektorunu inkişaf etdirmədən gələcəkdə problemlə üzləşə bilərik. Mən bu məsələyə optimist yanaşıram. Əminəm ki, ölkədə qeyri-neft sektoru inkişaf edəcək”, - deyə S. Əliyev vurğulayıb.