Müəllif:Ayşən İmanova/Banco.az
Hindistanda milyarderlərin ümumi sərvəti son 10 ildə üç dəfə artıb.
Banco.az xəbər verir ki, bu barədə İsveçrənin ən böyük maliyyə holdinqi “UBS Group” məlumat yayıb.
Belə ki, hind milyarderlərinin ümumi sərvəti 10 il ərzində 263% artaraq bu ilin aprel ayında 905,6 milyard dollara çatıb.
Məlumata görə, respublikada belə şəxslərin sayı bu müddət ərzində iki dəfədən çox artaraq 300-ə yaxınlaşıb. Hazırda ölkədə rəsmi qeydiyyatdan keçmiş, kapitalı 1 milyard dollardan çox olan 108 ailə biznesi fəaliyyət göstərir. Hindistan bu göstəriciyə görə dünyada üçüncü ölkədir.
Ailə biznesləri Hindistanın iqtisadi artımında mühüm rol oynayır. Hindistanlı milyarderlərin sayının artmasına urbanizasiya, sənaye istehsal gücündə artım və Hindistanın yaşıl enerjiyə keçidi kimi amillər səbəb olub. Digər tərəfdən, hindlilər üçün milyonlarla dollar sərvət yaradan sənayelər enerji, əczaçılıq və daşınmaz əmlakdır.
“Hurun India” reytinq agentliyinin daha əvvəl bildirdiyi kimi, Hindistanın meqapolis şəhəri Mumbay (qərbi Maharaştra ştatı) yaşayan milyarderlərin sayına görə Asiya şəhərləri arasında lider olub. Hazırda orada 92 milyarder yaşayırsa, Çin paytaxtında 91 milyarder yaşayır. Dünyada milyarderlərin sayına görə Mumbay Nyu-York (119) və Londondan (97) sonra üçüncü yerdədir.