Müəllif: Gülnar Əhmədli, Banco.az
Həyatımız risklərlə doludur. Bu risklərin bizi harada tapacağını və onlarla nə vaxt qarşılaşacağımızı isə təbii ki, əvvəlcədən bilmək mümkün deyil.
Lakin risklərə, özümüzdən asılı olmayaraq baş verən hallara qarşı hazırlıqlı olmaq bizi müəyyən qədər rahatladır. Bəs həyati önəm daşıyan hadisələrə qarşı sığorta mexanizminin tətbiqi fayda verirmi?
Dünya təcrübəsindən də məlumdur ki, risk faktorlarına qarşı sığortanın rolu danılmazdır. Ölkəmizdə vəziyyət necədir?
Bu gün Azərbaycanda sığorta sahəsinin inkişafı 10 il əvvəllə müqayisədə xeyli dərəcədə irəlidədir. Bu, özünü sığorta sinifləri üzrə yığımların artmasında bilavasitə göstərir. Sığorta sahəsində görülən işlər, Azərbaycan Mərkəzi Bankının, Azərbaycan Sığortaçılar Asossasiyasının, İcbari Sığorta Bürosunun birgə fəaliyyəti vətəndaşlarımızın bu sahəyə inamının yüksəlməsinə xeyli töhfəsini verib. İrəliləyişlərə baxmayaraq, deyə bilərik ki, sığortaya inanmayan vətəndaşlarımızın sayı da az deyil.
Buna səbəb isə onların ya yanlış yönləndirilməsi, zaman-zaman avtosığorta ilə bağlı baş verən problemlər, ya da ümumiyyətlə bu sahə ilə bağlı, sığortanın faydaları barədə məlumatlarının olmamasıdır.
Bu əsasla risklərdən qorunmaqda, onlara qarşı təminat altına alınmağımızda həyat sığortalarının rolundan danışacayıq.
Öncə qeyd edək ki, ölkəmizdə həyat sığortasının 5 növü var. Bunlardan 4-ü könüllü, 1-i isə icbaridir. Bu növlər haqqında qısaca məlumat verək:
Həyatın yaşam sığortası gələcək planlarımız, övladlarımızın təhsil xərcləri, yaxud gecikdirilmiş tətil planları, eyni zamanda gözlənilməz xərclər üçün əvvəlcədən hazırlıqdır.
Həyatın yaşam sığortası sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın vəfat etdiyi və ya sığorta müqaviləsində qeyd edilmiş müddətin sonuna qədər yaşadığı halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan həyat sığortası sinfidir.
Yaşam sığortası bir növ gələcəyə investisiyadır. Bununla həm həyatımızı risklərdən sığortalayırıq, həm də gələcəyə yatırım edirik. Xüsusilə investisiya vasitəsi kimi baxılması və sonda sığortaya verilən vəsaiti geri ala bilmək təminatı insanlarda yaşam sığortasına cəlbediciliyi daha da artırır. Çünki biz maaşımızın müəyyənləşdirdiyimiz məbləği ilə sığortaya hər ay ödəniş etsək, əməkhaqqımızdan tutulmalı olan vergilər, icbari sosial sığorta haqları tutulmur və əlavə gəlir faizi ilə birlikdə birbaşa vəsaitimizin üzərinə yığılır.
Müqavilə müddəti bitəndə isə həmin məbləği tam şəkildə sığorta şirkəti bizə ödəyir. Sığortaolunan müqavilədə qeyd edilən yaşa qədər yaşamadığı halda belə, onun varisi sığorta məbləğini şirkətdən ala bilir.
Sabah başımıza nə gələcəyini bilə bilmərik. Ölüm riski hamı üçün var. Həyatın ölüm halından sığortası anidən baş verəcək bu bədbəxt hadisə nəticəsində ailəmizə belə bir vaxtda maddi dəstək olmağın bir yoludur. Əmək qabiliyyətinin itirilməsi və sağalmaz xəstəliklərlə mübarizə zamanı yaranan xərclərin qarşısını almaq üçün bu 2 növün istifadəsinə biganə yanaşmaq olmaz. Misal üçün düşünə bilərik: “Mən sağlam insanam, sağalmaz xəstəliklərdən sığorta, yaxud əmək qabiliyyətinin itirilməsi hallarından sığorta mənə nə kimi faydalı ola bilər?”
Əlbəttə ki, birdən-birə əmək qabiliyyətini tam və ya qismən itirməyi heç kəs istəməz və ağlına gətirməz. Bədbəxt hadisələr isə bizi gözləmədiyimiz anda tuta bilər. Bu zaman vəziyyəti maddi cəhətdən qismən yüngülləşdirmək üçün köməyimizə sığorta çata bilər. Unutmayaq ki, belə çətin anlarda vaxtında sığortaya yönəldilmiş kiçik məbləğlər yarana biləcək böyük fəlakətlərin qoruyucusu olur.
İcbari həyat sığortası olan istehsalatda bədbəxt hadisələrdən sığorta isə işəgötürən tərəfindən işçinin həyatının sığortalanması deməkdir. Bu halda işçinin başına bədbəxt hadisə gələrsə, yaxud ölüm baş verərsə onun üçün ayrılan yekun sığorta məbləği işçinin özünə və ya müqavilədə qeyd etdiyi faydalanan şəxsə (sığortaolunanın öldüyü halda) ödənilir.
Statistika
Mərkəzi Bankın məlumatına görə, 2023-cü ildə həyat sığortaları üzrə yığımların ümumi məbləği 629 milyon 244 min manat təşkil edib ki, bu da 2022-ci ilin müvafiq göstəricisi (498 milyon 984 min manat) ilə müqayisədə 130 milyon 260 min manat (26,1%) artım deməkdir. Təkcə 1 ildə həyat sığortaları üzrə qeydə alınan artımların əsas hissəsi həyatın yaşam sığortasının payına düşüb. 2023-cü ildə yaşam sığortasına investisiyaların həcmi 2022-ci illə müqayisədə 100 milyon manatdan çox artıb.
Müqayisə üçün həyat sığortaları üzrə son 4 illik yığım və ödənişlərin məbləğindəki dəyişikliklərə də nəzər salaq:
İllər |
Yığımların məbləği (min manat) |
||||
Həyatın yaşam sığortası |
Həyatın ölüm halından sığortası |
Əmək qabiliyyətinin itirilməsinin sığortası |
Sağalmaz xəstəliklərdən sığorta |
İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta |
|
2023 |
504.992 |
32.931 |
1.928 |
5.350 |
84.041 |
2022 |
396.687 |
25.852 |
1.208 |
1.341 |
73.895 |
2021 |
272.925 |
41.953 |
3.783 |
939.3 |
63.506 |
2020 |
205.301 |
43.130 |
843.5 |
478.9 |
53.949 |
Ödənişlərin məbləği:
İllər |
Ödənişlərin məbləği (min manat) |
||||
Həyatın yaşam sığortası |
Həyatın ölüm halından sığortası |
Əmək qabiliyyətinin itirilməsinin sığortası |
Sağalmaz xəstəliklərdən sığorta |
İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta |
|
2023 |
292.552 |
2.030 |
146.6 |
64.6 |
3.943 |
2022 |
242.078 |
2.519 |
48.3 |
60.2 |
3.407 |
2021 |
231.719 |
3.968 |
0.0 |
27.0 |
4.071 |
2020 |
275.661 |
4.779 |
0.0 |
0.0 |
2.558 |
Ölkədə həyat sığortası sahəsində 5 şirkət (Paşa Həyat, Atəşgah Həyat, Xalq Həyat, Qala Həyat və Meqa Həyat Sığorta) fəaliyyət göstərir.
2023-cü ildə bu 5 şirkətin yığımlarının həcmi (629 milyon 244 min manat və ya 51,5%) qeyri-həyat sığortası şirkətlərinin yığımlarından (593 milyon 293 min manat) 35 milyon 951 min manat çox olub. Yəni, təkcə həyat sığortası növləri sektorun əsas drayveri olmaqda davam edir.
Yekun olaraq qeyd edək ki, sığorta cəmiyyətin, iqtisadiyyatın bir parçasıdır.
Sığorta mədəniyyətinin formalaşdırılması uzun prossesdir. Çünki əvvəlcə insanlar buna inanmalıdır. Güvənərək etibar edəcəkləri bir limanın olduğunu anlamalıdırlar. Gələcəklə bağlı planlarında sığortanın da yer almasının nə qədər faydalı ola biləcəyini vətəndaşlara izah etmək, onları düzgün istiqamətləndirmək önəmlidir. Bunun üçün isə yalnız bir qurumun, sığorta şirkətlərinin fəaliyyətindən yüksək nəticələr gözləmək doğru olmaz. Əgər bir sahənin inkişafını istəyiriksə, mütləq birlikdə fəaliyyət göstərməliyik. Təkcə sığorta şirkətləri deyil, televiziyada, mediada, sosial şəbəkələrdə daim maarifləndirici tədbirlər aparılmalı, təlimlər keçirilməldir. Dünyada söz sahibi olan ölkələrdə sığorta iqtisadiyyatın önəmli bir hissəsi kimi vacib rol oynayır. Ölkəmizdə də bu kimi addımların atılması, vətəndaşlarımıza sığorta ilə bağlı məlumatların düzgün çatdırılması sığortanın Azərbaycanda da insanların gələcəyə ümidlə və inamla baxmasında rolu kifayət qədər yüksək olacaq.
İstər maliyyə, istər ticarət, istər nəqliyyat və yaxud hər hər bir sahədə müxtəlif risk faktorları həmişə olub və olacaq. Bu risklər isə qaçılmazdır. Belə hallarda öncəlik həyatımız olmalıdır. Çünki dünyada həyatdan qiymətli heç nə yoxdur. Sığorta etdirməzdən öncə riskləri və məqsədlərimizi düzgün qiymətləndirməliyik. Odur ki, sığorta ilə bağlı məlumatları etibarlı, dəqiq mənbədən əldə edək. Araşdıraq, oxuyaq, sığorta olunaq və gələcək nəsillərə örnək davranışlar sərgiləyək.
Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Risklərin təminat altına alınmasında həyat sığortalarının rolu” mövzusunda təşkil etdiyi yazı müsabiqəsi üçün yazılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!