Həyat sığortası bazarında yığım 16%, ödəniş 45% artıb | Banco.az

Həyat sığortası bazarında yığım 16%, ödəniş 45% artıb

Azərbaycan Sığortaçılar Assosiasiyasından "Banco.az"a verilən məlumata görə, 2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 26,3%-i və yaxud 89,1 milyon manatı həyat sığortasının payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına əsasən, 2014-cü ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 16% böyüyüb.

Həyat sığortasındakı yığımların 57%-i və yaxud 50,8 milyon manatı həyatın yaşam sığortasının, 30,5%-i və yaxud 27,15 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 11%-i və yaxud 9,85 milyon manatı həyatın ölüm halından sığortasının, 1,1%-i və ya 991 min manatı əmək qabiliyyətinin sığortasının, cəmi 0,4%-i və ya 330 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

9 ay ərzində həyat sığortası üzrə həyata keçirilmiş ödənişlərin məbləği isə 34,2 milyon manat təşkil edib. Bu da ümumi ödənişlərin 26,8%-ni təşkil etməklə, 2014-cü ilin eyni dövrünə nisbətən 45,1% çoxdur.

Həyat sığortası üzrə ödənişlərin 89,6%-i və yaxud 30,6 milyon manatı həyatın yaşam sığortasının, 5,4%-i və yaxud 1,8 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 5%-i və yaxud 1,7 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 13,7 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 38,3 manat ödəniş həyata keçirilib.  2014-cü ilin yanvar-sentyabr aylarında bu rəqəm 30,6 manat olub.