Hesablama Palatası: Büdcə gəlirləri üzrə artıqödəmə məbləği artıb | Banco.az

Hesablama Palatası: Büdcə gəlirləri üzrə artıqödəmə məbləği artıb

Azərbaycanda əvvəlki illərlə müqayisədə 2016-cı ildə dövlət büdcəsinin qeyri-neft sahələrindən gəlirlərinin sabit artım tempi qorunub, neft sahələrindən daxilolmaların artım tempindəki azalma meyli davam edib.

Bu barədə Hesablama Palatasının 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinə və hesabata dair hazırladığı rəyə istinadən xəbər verilir.

Palata öz rəyində büdcə gəlirlərinin icrasına təsir edən amillər sırasında artıqödəmə və borc məbləğlərini qeyd edib. 2016-cı ilin sonuna vergi və digər icbari ödənişlər üzrə dövlət büdcəsinə yaranan artıqödəmə məbləği 2015-ci ilə müqayisədə 375 929,1 min manat və ya 18,2% artaraq 2 438 447,7 min manata yüksəlib.

Hesabat ilinin sonuna olan artıqödəmənin 92,5%-i qeyri-neft sektoruna, 7,5%-i neft sektoruna aid edilən vergi ödəyicilərinin, eyni zamanda 19,5%-i dövlət mülkiyyətinə, 53,4%-i xüsusi mülkiyyətə, 15,7%-i xarici mülkiyyətə, 11,4%-i isə digər mülkiyyət növlərinə aid edilən vergi ödəyicilərinin payına düşüb.

Rəydə ümumi artıqödəmə məbləğinin dövlət büdcəsinə təmin edilən gəlirlərə qarşı xüsusi çəkisinin də 2015-ci ilə nisbətən 5,8 faiz bəndi artaraq 34,8%-dək yüksəldiyi, bu göstəricinin qeyri-neft sektorunda fəaliyyət göstərən vergi ödəyiciləri üzrə 4,2 faiz bəndi artaraq 41,7%-ə, xüsusi mülkiyyət mənsubiyyətinə aid edilən vergi ödəyiciləri üzrə isə 4,1 faiz bəndi artaraq 41,8%-ə bərabər olduğu göstərilib.

Hesablama Palatası qeyd edib ki, əvvəlki illərdə olduğu kimi 2016-cı ildə də artıqödəmə məbləğinin artması əsasən qeyri-neft sektorunda fəaliyyət göstərən xüsusi mülkiyyət mənsubiyyətinə aid edilən vergi ödəyicilərinin hesabına baş verib. Bu vergi ödəyiciləri üzrə artıqödəmə məbləğinin əhəmiyyətli artımı 2015-ci illə müqayisədə ölkə iqtisadiyyatına kredit qoyuluşlarının, eyni zamanda əsas kapitala yönəldilmiş vəsaitlərin, eləcə də əlavə dəyər vergisi üzrə azalmış (əvəzləşdirilmiş) məbləğlərin azalması şəraitində baş verib.

Ən sərfəli kredit üçün müraciət et

ƏDV üzrə azalmış (əvəzləşdirilmiş) məbləğin həcminin ölkə üzrə ümumilikdə 0,1% azaldığı, o cümlədən qeyri-neft sektoruna aid edilən vergi ödəyiciləri üzrə 3,1% və xüsusi mülkiyyət mənsubiyyətinə aid edilən vergi ödəyiciləri üzrə 15,5% azaldığı rəydə əksini tapıb. Azalmış məbləğlərə təsir edən əsas amillər sırasında idxalda əlavə dəyər vergisinin 2015-ci illə müqayisədə 37,6% artması qeyd edilib və vurğulanıb ki, bu artım artıqödəmə məbləğlərinin yaranmasına təsirsiz ötüşməyib.

Rəydə dövlət büdcəsinə təmin olunan gəlirlər üzrə ümumilikdə azalmış (əvəzləşdirilmiş) məbləğin həcminin qeyri-neft sektorunda fəaliyyət göstərən vergi ödəyiciləri üzrə 6,2% və xüsusi mülkiyyət mənsubiyyətinə aid edilən vergi ödəyiciləri üzrə 4,0% azaldığı qeyd edilib.

Hesablama Palatası həyata keçirdiyi nəzarət tədbirlərinə əsaslanaraq vergi və digər icbari ödənişlərin dövlət büdcəsinə təmin olunması prosesində artıqödəmə məbləğinin artmasını bir tərəfdən proqnoz hədəflərin yüksək inzibati təsirlər altında reallaşması, digər tərəfdən isə vergilərin könüllü bəyanetmə və ödəmə dərəcəsinin optimal səviyyədə olmaması ilə əlaqələndirib. 

Mənbə: Report.az