Hesablama Palatası 2026-cı ildə neft və qaz tranzitindən gəlirlərin azalmasının səbəblərini açıqlayıb | Banco.az

Hesablama Palatası 2026-cı ildə neft və qaz tranzitindən gəlirlərin azalmasının səbəblərini açıqlayıb

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2026-cı il büdcəsində neftin və qazın Azərbaycan ərazisi ilə tranzitindən əldə edilən gəlirlərin 2,2 min ABŞ dolları (3,7 min manat) səviyyəsində olacağı proqnozlaşdırılır.

Banco.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun 2026-cı il büdcəsinə dair rəyində qeyd olunub.

Rəyə əsasən, bu göstərici manat ifadəsində 2024-cü ilin faktiki icra səviyyəsindən 0,5 milyon manat az, 2025-ci il üçün təsdiqlənmiş proqnozdan 25,4 milyon manat aşağı, 2025-ci il üzrə gözlənilən daxilolmalarla isə təxminən eyni səviyyədədir.

Bildirilib ki, neftin və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər üzrə 2025-ci il üçün 25,4 milyon manat məbləğində daxilolma proqnozlaşdırılsa da, hesabat tarixinə faktiki olaraq cəmi 0,004 milyon manat vəsait qeydə alınıb. Qeyd olunub ki, Hesablama Palatasının əvvəlki illər üzrə rəylərində də bu istiqamət üzrə proqnozlaşdırmanın faktiki icra göstəricilərinə əsaslanmasının vacibliyi vurğulanıb.

Rəyə əsasən, 2025-ci ildə Rusiya-Ukrayna münaqişəsinin davam etməsi nəticəsində Qərb ixrac boru kəməri və Qara dəniz marşrutu ilə xam neftin nəqlinin dayandırılması səbəbindən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti 2026-cı ildə bu maddə üzrə daxilolmaların olmayacağını proqnozlaşdırıb. Bu şəraitdə müvafiq gəlir istiqamətinin ARDNF-nin ötən il avqustun 31-nə olan faktiki daxilolmalar səviyyəsində proqnozlaşdırılması məqsədəuyğun hesab edilib.