"Hələ də satıla bilməyən valyuta qalıb, bu da manatı möhkəmlənmə təsiri altında saxlayır" | Banco.az

"Hələ də satıla bilməyən valyuta qalıb, bu da manatı möhkəmlənmə təsiri altında saxlayır"

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) valyuta satışı ilə bağlı son açıqlamasında, Fond tərəfindən 2019-cu ilin avqust ayı ərzində 815,4 milyon ABŞ dolları məbləğində vəsait satıldığı qeyd edilib. ARDNF tərəfindən 2019-cu ilin iyul ayı ərzində 434,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Beləliklə, İyul ayı ilə müqayisədə Avqustda valyuta satışı 2 dəfəyə yaxın artıb. Həmçinin, Avqust ayındakı satış 2019-cu ilin rekordudur. Valyuta satışının kəskin artması dollara tələbin artdığını ağıllara gətirib.

Bir müddət əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirdmişdi ki, Dövlət Neft Fondu büdcəyə transfert planını tam icra edə bilmir. Transfertlərin tam icra edilməməsinin səbəbi bazarda dollara tələbin kifayət qədər olmaması və Mərkəzi Bankda artıq qalan vəsaiti almamasıdır. Dollar təklifi ona olan tələbi üstələyir və keçirilən valyuta hərraclarında  manatın məzənnəsi möhkəmlənmə təzyiqi altındadır. Lakin Mərkəzi Bank mənfi fəsadları olacağını nəzərə alaraq Dollar/Manat məzənnəsinin 1.70 səviyyəsindən aşağı düşməsinə (Manatın bahalaşmasına) icazə vermir.

 

Bəs Avqustda dollara tələb artıb və valyuta hərraclarında tələb təklifi üstələyib?

Dövlət Neft Fondunun valyuta vəsaitlərinin avqust ayında satışının həcminin artması dövlətin xarici öhdəliklərinin (əsasən xarici borclarının) qrafiki ilə bağlıdır. Hələ də valyuta hərraclarında təklifin tələbi üstələməsi dinamikası davam edir.

“Dövlət Neft Fondunun avqust ayında valyuta satışlarına dair bildiririk ki, xarici ticarət balansının profisitli (müsbət saldolu) olması ilə əlaqədar valuta hərraclarında təklifin tələbi üstələməsi dinamikası davam edir. Bütövlükdə hərraclarda hələ də satıla bilməyən əhəmiyyətli məbləğdə valyuta vəsaitləri qalmışdır ki, bu da manatın məzənnəsini möhkəmlənmə təsiri altında saxlayır. Dövlət Neft Fondunun valyuta vəsaitlərinin avqust ayında satışının həcminin artması isə dövlətin xarici öhdəliklərinin qrafiki ilə bağlıdır. Belə ki, avqust ayında dövlətin vaxtı çatan xarici öhdəliklərinin həcmi 300 milyon ABŞ dollarınadək (ümumi tələbin 36,8%-i ) olmuşdur ki, bu da ötən dövrdə valyuta hərraclarında satılmamış vəsaitlər hesabına təmin olunmuşdur”,- məsələ ilə bağlı  Mərkəzi Bankdan cavab olaraq bildirilib.

2019

Valyuta satışı, məbləği

Yanvar

634,9 milyon dollar

Fevral

316,2 milyon dollar

Mart

600,5 milyon dollar

Aprel

423,7 milyon dollar

May

352,4 milyon dollar

İyun

315,9 milyon dollar

İyul

434,9 milyon dollar

Avqust

815,4 milyon dollar

Cəmi

3 milyard 893,9 milyon dollar

Ən sərfəli kredit üçün müraciət et

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et