Müəllif - Aida İsaq, Banco.az
Uzun illərdən bu günə qədər dünyada həyatın gedişatına təsir göstərən müxtəlif hadisələr baş verib. Hansı ki, onların sayəsində qlobal cəmiyyət, mədəniyyət anlayışı getdikcə fərqli istiqamətlərdə formalaşmağa başlayıb. İnsan həyatı hər ötən il keçmişi geridə qoyaraq yeni dəyişikliklərə uyğunlaşır. Maraqlı məqamlardan biri budur ki, müxtəlif qidalar tarixən dünyada hadisələrin gedişatına mühüm təsirlərini göstərə bilib. Gəlin, onlarla tanış olaq.
Çörək
Dünya gündəmini dəyişməyi bacaran qidalardan biri taxıl, yəni buğdadır. Sözügedən ərzaq növünün üyüdülməsi məsələsi daxil olmaqla, çörəyin qiymətinin dəyişməsi cəmiyyətlərdə müxtəlif inqilablara səbəb olmağı bacarıb. Bu inqilablardan ən məşhuru 1789-cu ildə baş vermiş Fransa İnqilabıdır. Təbii ki, yeganə səbəb olaraq çörəyi göstərmək düzgün olmazdı. Ancaq əsas hərəkətverici qüvvələrdən biri olduğu qeyd olunur.
Oxşar vəziyyət 1795-ci ildə İngiltərədə baş verib.Həmin zaman ölkədə pis hava şəraiti və məhsulun zəif olması səbəbindən milli qıtlıq hökm sürdü. Cəmi bir il ərzində ölkə daxilində ən azı 74 iğtişaş və nümayiş baş verib.
Kartof
Bir çox insanın qida rasionunda önəmli yer tutan kartof həmçinin bəzi ölkələrin nüfuzunun artmasında böyük rol oynayıb. Kartof ixrac edən ölkələrin hərb imkanları gücləndi. Eyni zamanda ixrac sənayeləşmə prosesini stimullaşdırdı. Kartof Perudan Atlantik okeanını keçərək Avropaya çatdı. Beləliklə, 20-ci əsr süfrələrinin vazkeçilməz qidasına çevrildi. Ancaq kartofun dünyada yayılması ilə birgə kartof böcəkləri də meydana çıxdı.Nəticədə bu, 1950-ci illərdə pestisid inqilabına səbəb oldu. Beləliklə, kartof sayəsində kənd təsərrüfatında həşərat probleminin qarşısı alınıb.
Çay
Asiya mədəniyyətinin mühüm simvollarından biri olan çay Türkiyə və İngiltərə kimi ölkələrdə daha çox məşhurdur. Keçmiş zamanlarda Böyük Britaniya dünyanın əksər hissəsinə nəzarət etməsinə baxmayaraq, idarə edə bilmədiyi sahələrdən biri çay sektoru idi. Çünki o dövrdə çay ancaq Çindən gətirilirdi. Bu vəziyyətin qarşısını almaq istəyən Britaniya Robert Fortunu Çinə göndərdi. R.Fortune Çindəki çay ticarətinin sirlərini öyrənir. Onun Çindən aldığı çay toxumları sayəsində İngiltərə nəzarəti ələ keçirərək Hindistanda çay sektoru üzrə üstünlüyə sahib olur.
Bizi sosial şəbəkələrdən izləyin!!