İddialara görə, ötən əsrin ilk çərəyində Almaniyaya səfər zamanı Tağıyev Berlindəki bahalı restoranlarından birinə rast gəlir. Restoranın görünüşünü çox bəyənib orada nahar etmək qərarına gəlir. Hacı Zeynalabdin künc masalarından birini seçir və əyləşib gözləyir. Ancaq xidmətçi ona yaxınlaşmır. Səbəb isə ofisiantın şərq üslubunda geyinmiş milyonçu Tağıyevi dilənçi zənn etməsi olur. Sonda neft maqnatının özü ofisiantı səsləmək qərarına gəlir. Uzun intizardan sonra Hacı Zeynalabdin restoranı tərk edir. Bir müddətdən sonra restoran rəhbərliyi xəbər tutur ki, onların Şərq görünüşlü qonağı Bakıdan gələn milyonçuymuş. Cəld ağanın arxasınca bir elçi göndərirlər. Onu restorana gətirərək üzr istəyirlər və onun üçün 20 nəfərlik bir masa açıb müxtəlif təamlarla bəzəyirlər. Hacı soruşur:
– Bu masanın bir günlük qiyməti nə qədərdir?
Rəhbərlik hesablayır və cavab verir.
– Bəs 1 həftəlik?
Yenə hesablayıb cavab verirlər.
– Bəs 1 aylıq?
– Bəs 1 illik?
– …Bəs 100 illik?
Rəhbərlik suallardan son dərəcə çaşqın olsa da, hesablayıb cavab verirlər. Hacı Zeynalabdinin sualları əbəs olmur. O, restoran rəhbərliyi ilə 100 illik müqavilə imzalayır, pulunu ödəyir. Müqavilədə qeyd olunur ki, 100 il ərzində bu restorana gələn hər bir azərbaycanlı bax, elə belə bir masa ətrafında təmənnasız yeyib-içə bilsin…
Şayiələrə görə, həmin restoran 100 il ərzində ora daxil olan azərbaycanlılara təmənnasız qulluq edib və yalnız 2011-ci ilin yanvarında, yəni müqavilənin bitmə tarixində, Almaniyadakı sözügedən restoran Azərbaycan səfirliyinə məktub yollayaraq 100 illik müqavilənin uzadılıb-uzadılmayacağı ilə bağlı sorğuya cavab istəyir.
Azərbaycan Dövlət Tarix Muzeyinin elmi katibi Fərhad Cabbarov Modern.az-a açıqlamada bu iddianın kökündən yanlış olduğunu bildirib. Araşdırmaçı-alim qeyd edib ki, bu cür jestlər özündə xeyriyyəçilik mahiyyəti daşımadığından Tağıyevin də xarakterinə zidd olub:
“Birincisi, 100 illik müqaviləyə dair heç bir sənəd yoxdur. Tağıyev yeganə milyonçumuz olub ki, onun böyük arxivi qalıb. Arxivində bu barədə heç bir rəsmi sənədə rast gəlinməyib. İkincisi, bu cür müqavilə Tağıyevin xasiyyətinə xas deyildi. Çünki bu, xeyriyyəçilik deyil. Tağıyev o pula məktəb açardı, qəzet buraxardı və s. Yəni bu kimi ciddi işlər görərdi. Nə Azərbaycan səfirliyinə göndərilən məktub, nə də Tağıyevin imzaladığı müqavilə var. Deməli, deyilən uydurmadır…”.
modern.az