S&P Azərbaycanın yerləşdiyi region üzrə bank sektorunun əsas risklərini açıqlayıb | Banco.az

S&P Azərbaycanın yerləşdiyi region üzrə bank sektorunun əsas risklərini açıqlayıb

"S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2026-cı il üçün Azərbaycanın daxil olduğu EMEA regionu (Avropa, Yaxın Şərq və Afrika) üzrə bank sektoruna aid əsas riskləri təqdim edib.

S&P bölgədə geosiyasi qeyri-müəyyənlik və qlobal iqtisadi trendlər bank sektorunun fəaliyyət mühitinə birbaşa təsir etdiyini açıqlayıb. 

    Agentliyin qiymətləndirməsinə görə, Rusiya–Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginlik regionun maliyyə sabitliyi üçün ən ciddi risklərdən hesab olunur. Sənəddə bildirilir ki, bu qarşıdurmalar enerji bazarlarında dalğalanmaları artırır və kapital axınlarına təsir göstərməklə bank sektoru üçün əlavə təzyiq yaradır.

    S&P həmçinin ABŞ-da tarif siyasəti ilə bağlı qeyri-müəyyənliklərin qlobal ticarət mühitində riskləri artırdığını, bunun da EMEA regionu banklarının fəaliyyətinə dolayı təsirlər yarada biləcəyini vurğulayır. Qlobal likvidlik şərtlərinin dəyişməsi region ölkələrinin — o cümlədən xarici borcla maliyyələşən bank sistemlərinin — daha yüksək risklərlə üzləşə biləcəyini göstərir.

    Hesabatda əlavə olunur ki, enerji qiymətlərindəki qeyri-sabit dinamika EMEA regionunun makroiqtisadi görünüşü üçün əsas risk olaraq qalır. Bu, xüsusilə enerji ixrac edən ölkələrdə bank sektorunun aktiv keyfiyyəti və gəlirliliyinə təsir edən amillərdən biri kimi qiymətləndirilir.

    Xatırladaq ki, S&P bütün bu faktorlar fonunda 2025-ci ilin əvvəlində Azərbaycanın bank sektoru üzrə sənaye risk trendini “stabil”dən “pozitiv”ə yüksəldib.