Girovda olan avtomobillərə hansı halda həbs qoyula bilər? | Banco.az

Girovda olan avtomobillərə hansı halda həbs qoyula bilər?

Müsahibimiz: Vəkil-ekspert Murad Mirzəzadə

Bu dəfə Banco.az saytı olaraq, müştərilərin çox marağına səbəb olan “Girova həbsin qoyulması” məsələsini araşdırmaq istədik. Belə ki, müştərilər deyir ki, bəzi hallarda məhkəmə qərarı olmadan bankın göstərişinə əsasən DYP kreditdə olan avtomobillərə həbs qoyur. Suallarımızı isə AR Vəkillər Kollegiyasının üzvü, vəkil Murad Mirzəzadə cavablandırır. Murad müəllim daha öncə aparıcı banklardan birində çalışdığı üçün bu sahədə geniş təcrübəyə malikdir.

Girovda olan avtomobillərə hansı halda həbs qoyula bilər?

Düşünürəm ki, suala keçməzdən öncə girov və ipoteka anlayışlarına, onların fərqli və oxşar cəhətlərinə ayrı ayrılqda aydınlıq gətirmək düzgün olardı. Girov və ipoteka hüququ müqavilədən irəli gələn və girovqoyanın (ipotekaqoyanın) əşyası barəsində girov saxlayanın  (ipotekasaxlayanın) əşya hüququdur. Başqa sözlə girov və ipoteka borclunun tələbkar (girovsaxlayan) qarşısında öhdəliklərinin icrasının təmin edilməsi üsuludur.

Əvvəllər girovla bağlı məsələlər “Girov haqqında” Azərbaycan Respublikasının  15 iyul 1994-cü il tarixli qanunu ilə tənzimlənirdi. Lakin yeni  Mülki Məcəllə qəbul edildikdən sonra girov münasibətləri Mülki Məcəllə ilə tam şəkildə tənzimləndiyi üçün  “Girov haqqında” qanun  qüvvədən düşdü. Mülki Məcəllənin 276.1.-ci maddəsinə görə ipoteka predmeti hesab edilən, habelə mülki dövriyyədən çıxarılmış  əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa görə ipoteka öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.

Anlayışdan məlum olduğu və qanunvericilikdən göründüyü kimi girov və ipoteka fərqli məfumlardır.

Girov və ipoteka müqavilələrinin bağlanması, onlara tutmanın yönəldilməsi və realizəsində kəskin fərqlər vardr. Bunları deməkdə məqsədim ondan ibarətdir ki, praktikada bir çox hallarda girov və ipoteka predmetləri eyniləşdirilir. Buna bariz nümunə isə məhz  avtomobillərin ipotekasıdır. Bəli, məhz avtommobillər təcrübədə girov predmeti kimi qəbul edilir. Girov predmeti daşınar əşyalardır. İpoteka predmeti isə həm daşınmaz və həm də üzərində mülkiyyət hüququ tanınan daşınar əşyalar hesab edilir. Lakin heç də rəsmi reyestrdə qeydiyyata alınan bütün daşınar əşyalar ipoteka predmeti hesab edilə bilməz. Qanunvericiliyə əsasən 17 adda daşınar əşya vardır ki, onlardan bir neçəsi, eləcə də avtomobil ipoteka predmeti hesab edilir.

Və nəhayət qeyd etmək istərdim ki, Avtomobil riskli təminat predmetidir, tez yararsız hala düşən, yaxud da qərəzli olaraq məhv edilə bilən əşyadır.

Ən sərfəli kredit üçün müraciət et

Bu baxımdan tələbkar, yəni ipoteka saxlayan məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən, borcun yönəldilməsi nəzərdə tutulan avtomobilin üzərinə həbsin qoyulması barədə ərizə təqdim edə bilər.

Mülki Prosessual Məcəlləyə görə bu iddianın təmin edilməsi üsulu adlandırılır. Məhkəmə mahiyyəti üzrə işə keçməzdən əvvəl ərizəyə baxır və əsaslı hesab edərsə iddianın təmini üsulu kimi verilmiş ərizəni təmin edir və  avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilir. Həmin qərardad  müvafiq qaydada DYP tərəfindən icra edilir.  Qanunvericilikdə avtomobilin üzərində həbs qoyulmasının digər formaları da mövcuddur (məs: icra prosesi zamanı icra məmurunun təqdimatı əsasında, məhkəmə tərəfindən).

Ümumiyyətlə məhkəmə həbsi nədir?

Məhkəmə  həbsi anlayışı hesab etmirəm ki, düzgün hüquqi ifadə forması olsun.

Əmlakın üzərinə həbsin qoyulmasından söhbət gedə bilər. Bu həm iddiaya məhkəmə baxılması zamanı, təmin tədbiri kimi və həm də “İcra haqqında” Azərbaycan Respublikasının qanuna uyğun olaraq məcburi icra tədbiri kimi həyata keçirilə bilər. Hər birinin mahiyyəti və icra mexanizmi, doğurduğu ilkin nəticələr bir-birindən xeyli fərqlənir.

Bəs məhkəmə qərarı olmadan hansı hallarda girov predmetinə həbs qoyula bilər?

Mülki hüquq münasibətləri baxımından məhkəmə qərarı olmadan əmlak üzərinə həbsin qoyulması düzgün deyildir.

Təbii ki, qanunda bəzi istisnalar (məhdudiyyətlər) ola bilər. Əmlakın üzərinə həbsin qoyulması, mülkiyyətçini həmin əmlakdan istifadə etməsinə, ona dair sərəncam verməsinə maneəçiliklər yaradır. Bu baxımdan həbsin qoyulmasının məhz  məhkəmənin səlahiyyətinə aid edilməsi ədalətli hüquqi nəticənin yaranmasına xidmət edir. Lakin ipoteka qoyulmuş əmlakın üzərinə həbsin qoyulmasını düzgün hesab etmirəm. Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bəzən nəinki avtomobil, hətta ipoteka qoyulmuş daşınmaz əmlakın da üzərinə həbs qoyulur. Bu isə ipoteka saxlayanın əşya hüququnu təhlükə altına almasına, onun üstünlük hüququnu kobud şəkildə pozulmasına gətirib çıxarır. Bəzi hallarda əmlakın ipotekada olub-olmaması yoxlanılmadan onun üzərinə həbs qoyulur, bu isə yuxarıda qeyd etdiyim kimi düzgün deyildir. Bunun çox geniş hüquqi açıqlaması vardır. 

Etibarnamə ilə satılan avtomobillərin banklar üçün yaratdığı risklər