Büdcədə neftin baza qiyməti 50 dollardan, manatın məzənnəsi 1 manat 5 qəpikdən hesablanıb.
Ölkədə devalvasiyadan və neftinin qiymətinin kəskin enişindən sonra 2016-cı ilin dövlət büdcəsində hansı sahədə xərclərin azaldılacağı maraqla izlənilir.
ANS TV-nin məlumatına görə, 2016-cı ilin büdcə gəlirləri 14,56 milyard, xərclər isə 16,26 milyard manat olacaq. Gəlirlərdə 25,1%, xərclərdə 22,9% azalma baş verəcək. Gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 50 dollardan, manatın məzənnəsi 1 manat 5 qəpikdən hesablanıb.
Milli Məclisdə hökumət nümayəndələri ilə birgə büdcə müzakirələri zamanı deputatlar təklif etdilər ki, hökumət qənaət proqramına keçməlidir. Eyni zamanda qeyri-neft sektorunun, o cümlədən də kiçik və orta sahibkarlığın inkişafına təkan verilməlidir.
Deputat Vahid Əhmədov manatın yumşaq devalvasiya edilməsini vacib saydı. Nəinki, şok effekti yaradan 34,5 faizlik devalvasiya.
Maliyyə nazirinə tövsiyə edildi ki, rayonlarda maliyyə qrumlarında yoxlamalar aparılsın. Əksər hallarda bu qurumlarda korrupsiyaya və yeyintiyə yol verilir. Bu qurumlar nazirliyin deyil, icra başçılarının əmrini icra edir.
Millət vəkilləri digər qurumlarda ciddi yoxlama keçirilməsin vacib saydılar. Söylənildi ki, Hesablama Palatasının yoxlamaları bir neçə dövlət strukturunda çatışmazlıqların olduğunu üzə çıxarıb.1111
Millət vəkili Zahid Oruc maliyyə nazirinə Beynəlxalq Bankla bağlı sual etdi ki, hansı səbəbdən heç bir girov olmadan Azərbaycan Beynəlxalq Bankının müəyyən sahənin adamlarına iri məbləğdə kreditlər verilib. Bu hal ölkə iqtisadiyyatına mənfi təsir edib. Halbuki sadə vətəndaşlara kredit verəndə həmin bank kredit məbləğindən az qala üçqat artıq girov tələb edir.
Yekun olaraq maliyyə naziri Samir Şərifov sualları cavablandırdı: “Beynəlxalq Bankda sabiq rəhbərliyi tərəfindən çox böyük səhvlərə yol verilib. Törədilmiş əməllərə hüquqi qiymətinin verilməsini zəruri edir. Kreditlər verilib, girov təminatı alınmayıb və yaxud da alınıbsa da, bu müvafiq həcimlərdə alınmayıb. Riskli layihələrə gedilib”.
Nazir yaxın illərdə neftin qiymətinin bahalaşmasını gözləməkdənsə, qeyri-neft sektorunun inkişafına təkan veriləcəyini dedi. Neftin qiymətinin daha da aşağı düşmə ehtimalı olduğu halda hökumətin daha ciddi tədbirlərə əl atacağını diqqətə çatdırdı. Lakin gələn sosial proqramlar icra olunacaq, həmçinin müdafiə və təhlükəsizlik xərcləri də azaldılmayacaq. İnvestisiya proqramlarını icrasına ayrılacaq vəsaitlər kəskin aşağı düşəcək. Yalnız icrasına başlanan proqramlar davam etdiriləcək.
Tibbi sığortanın gələn ildən tətbiqinə başlanacaq. Hələlik manatın məzənnəsinin dəyişməsi üçün fundamental əsas yoxdur.
“O ölkələrdə fundamental dəyişmələr olur ki, orda tədiyə balansından valyuta daxil olmalarının kəskin azalması və eləcə də kapital hərəkəti hesabında bu ehtimal olunur. Hazırda Azərbaycanın tədiyə balansın tarazlaşdırılmış vəziyyətdədir. Bu baxımdan düşünmürük ki, manatın məzənnəsinin kəskin oynaması üçün bir əsas vardır", - deyə Mərkəzi Bankın sədr müavini Xəqani Abdullayev bildirib.
Gələn il, eləcə də 2017-2019-cu illərdə bəzi sahələrdə vergi və gömrük güzəştlərinə yenidən baxmaq və məhdudlaşdırmaq, bəzi hallarda isə ləğv etmək planlaşdırılır.
Azərbaycan hökuməti tikinti, iaşə və ticarət sahələrində vergi tutulmasını sadələşdirməyi planlaşdırır ki, bu da sahibkarlığın inkişafına əlavə təkan verəcək və nəticədə dövlət büdcəsinin gəlirlərinin artmasına gətirib çıxaracaq.
Komitə müzakiərələrin sonra büdcə zərfi Milli Məclisin plenar iclaslarında müzakirəyə çıxarılacaq.