Gələn il bahalaşma gözlənilirmi? - Pərviz Heydərovdan proqnoz | Banco.az

Gələn il bahalaşma gözlənilirmi? - Pərviz Heydərovdan proqnoz

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ildə illik inflyasiyanın 4.3% təşkil edəcəyini, 2026-cı ilədək isə 3.4%-ə qədər azalacağını proqnozlaşdırır.

Banco.az xəbər verir ki, AMB-nin uçot dərəcəsi ilə bağlı məlumatında deyilir ki, 2023-cü ilin sentyabrında illik inflyasiya 5.1% səviyyəsinə düşüb. İllik inflyasiya tempi ötən ilin sentyabr ayında qeydə alınmış illik inflyasiya (15.6%) ilə müqayisədə 3 dəfədən çox aşağıdır.

Mərkəzi Bank vurğulayır ki, proqnozlara görə, illik inflyasiya 2024-cü ildə 5.3%, 2025-ci ildə isə 3.4% olacaq. 2022-ci ilin sonunda isə Azərbaycanda illik inflyasiya 14,4% təşkil edib.

Bu barədə proqnozlarını verən iqtisadçı Pərviz Heydərov Banco.az-a bildirdi ki, Mərkəzi Bankın (AMB) İdarə Heyəti tərəfindən uçot dərəcəsinin 3 illik fasilədən sonra 8,5 %-ə endirilməsi bu fonda bəzi suallar doğurmaya bilməz:

“Pandemiya ilində işgüzar aktivliyi artırmaq, iqtisadi artımın zəifləməsi qarşısını almaq, real sektoru dəstəkləmək tələb olunurdusa, hazırda sərt pul-kredit siyasətinə keçmək zərurətə çevrilib. Bu, bütün dünyada belədir. Hədəf isə odur ki, inflyasiya və bahalaşma prosesinin qarşısı alınsın, sürətlə artmaqda olan tələbi tənzimləmək və təklifi nizamlamaq mümkün olsun.

AMB-in özünün açıqlamasında da deyilirdi ki, uçot dərəcəsinin salınması inflyasiyaya təsir edən xarici və daxili amillərin dəyişməsi, həmçinin valyuta bazarında təklifin tələbi üstələməsi sayəsində qərara alınıb. Yəni, illik inflyasiya tempi azalmaqda davam etdiyindən bu addımı atmaq vacib sayılıb. 2023-cü ilin sentyabrında illik inflyasiya hədəf diapazonunda (4±2%) olmaqla 5,1%-ə düşüb.
Amma dediyimiz ki, inflyasiyanın yenidən artacağı istisna deyil. Odur ki, AMB istər-istəməz bununla bağlı ssenariləri də hazırlamalıdır”.

Dünya Bankının məlumatına əsasən əmtəə qiymətləri indeksi sentyabrda illik əsasda 19.8%, o cümlədən enerji qiymətləri üzrə 25.6%, qeyri-enerji qiymətləri üzrə 3.9% enib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə ərzaq qiymətləri indeksi sentyabrda illik əsasda 10.7% azalıb.
Pərviz Heydərov vurğulayır ki, daxili valyuta bazarında tarazlığın qorunduğu şəraitdə manatın nominal effektiv məzənnəsi 2023-cü ilin 10 ayında 21,6% möhkəmlənib.

Ekspertin qənaətinə görə, qeyd olunan amil idxal inflyasiyanın məhdudlaşdırılmasında xüsusi rol oynayıb:

“Hazırda enerjidaşıyıcılarının qiymətləri yenidən qalxmağa meyl edir. Bu isə o deməkdir ki, xarici bazarlarda bahalaşma və inflyasiya tempi yenə vüsət ala bilər. Bu isə ölkəmizə də təsir edəcək. Odur ki, bahalaşma tempinin səngiməkdə davam etməsi nisbi xarakter daşıyır. Şəxsən mən qarşıda dünya üzrə qiymətlərdə sabitlik gözləmirəm. Ölkə iqtisadiyyatının inkişafı baxımından isə yerli istehsal və işgüzar aktivlik dəstək istəyir”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram