G7 ölkələri qlobal korporativ vergi dərəcəsi üzrə razılığa gəldilər | Banco.az

G7 ölkələri qlobal korporativ vergi dərəcəsi üzrə razılığa gəldilər

Yeni qərar 50-80 milyar dollar əlavə vergi yığılmasına imkan verəcək.

Ötən həftə sonu Londonda G7 ölkələrinin maliyyə nazirlərinin iclasında iri transmilli şirkətlərə tətbiq olunan korporativ vergi dərəcəsinin müəyyənləşdirilməsinə dair uzun çəkən müzakirələr uğurla nəticələnib.

ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Yaponiyanı təmsil edən rəsmilər ən az 15% qlobal minimum korporativ verginin tətbiq edilməsi barədə razılığa gəlib.

“İllər boyu müzakirələrdən sonra G7 maliyyə nazirləri bugün qlobal vergi sistemində islahatlar aparmaq, onu qlobal rəqəmsal dövrün tələblərinə uyunlaşdırmaq və şirkətlərin doğru yerdə dəqiq vergiləri ödəməsini təmin etmək üçün tarixi razılaşma əldə etdilər.” - Böyük Britaniyanın maliyyə naziri Rişi Şunak video-bəyanatda bildirib. Əldə olunan razılığın OECD çərçivəsində Parisdə 135 ölkənin nümayəndəsinin görüşündə və iyul ayında Venesiyada keçiriləcək G20 ölkələrinin maliyyə nazirlərinin iclasında da müzakirəsi nəzərdə tutulur.

Bayden administrasiyası daha öncə mənfəəti 10%-dən artıq olan transmilli şirkətlərin beynəlxalq sövdələşmələrdə vergidən yayınmalarının qarşısını almaq üçün minimum qlobal korporativ verginin 21% həddində müəyyənləşdirilməsini təklif etmişdi. Lakin uzun çəkən müzakirələr və bir sıra ölkələrin etirazından sonra 15%-lik hədd barədə razılığa gəlmək mümkün olub.

Bir sıra iri texnologiya nəhəngləri bu qərarı dəstəklədiklərini bildiriblər. Facebook-un qlobal məsələlər üzrə vitse-prezidenti Nik Klegg və Google sözçüsü Xose Kastaneda yeni razılaşmanı alqışladıqlarını vurğulayıblar.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram