Azərbaycan Respublikasında fiziki şəxslərin vergi uçotu ilə bağlı qaydalara dəyişikliklər edilib.
Banco.az xəbər verir ki, müvafiq qərar İqtisadiyyat Nazirliyinin Kollegiyası tərəfindən 18 fevral 2026-cı il tarixdə qəbul olunub.
Dəyişikliklərə əsasən, fiziki şəxslərin (fərdi sahibkar) uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması ilə bağlı müddət 40 gündən 15 günə endirilib və Vergi Məcəlləsinin 34.3-cü maddəsinin 2-ci abzasına əsasən, vergi ödəyicisi uçot ərizəsindəki məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 15 gün ərzində vergi orqanına məlumat verməlidir.
Bununla yanaşı, qaydalara yeni bənd əlavə edilib. Yeni tələblərə görə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müflis elan olunduqda və ya iflas prosesi başa çatdıqda, bu barədə 15 gün müddətində vergi orqanına məlumat verməlidir.
Qeyd edək ki, bu dəyişikliklər 2025-ci ildə Vergi Məcəlləsində və hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı qanunvericilikdə edilən yeniliklərin tətbiqi məqsədilə həyata keçirilib.
