"Fitch" Türkiyənin kredit proqnozunu müsbətə yüksəldib | Banco.az

"Fitch" Türkiyənin kredit proqnozunu müsbətə yüksəldib

Müəllif:Mehin Qasımova,Banco.az

Beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings Türkiyənin kredit reytinqi ilə bağlı qiymətləndirməsini açıqlayıb.

Banco.az xəbər verir ki, Agentlik Türkiyənin uzunmüddətli xarici valyuta üzrə kredit reytinqini “BB-” səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə “sabit”dən “müsbət”ə yüksəldib.

Fitch-in açıqlamasında bildirilir ki, proqnozun dəyişdirilməsi 2024-cü ilin sentyabrında reytinqin yüksəldilməsindən sonra Türkiyənin xarici zəifliklərinin daha da azalmasını və valyuta ehtiyatlarının gözləniləndən sürətli artımını əks etdirir. Qeyd olunur ki, ehtiyatların keyfiyyətinin yaxşılaşması, xarici valyutada ifadə olunan şərti öhdəliklərin azalması, nisbətən sərt makroiqtisadi siyasətin davam etdirilməsi və siyasətin kəskin yumşaldılması riskinin azalması bu qərara təsir edən əsas amillərdir.

Agentlik vurğulayır ki, Türkiyənin kredit reytinqi böyük və şaxələndirilmiş iqtisadiyyat, aşağı dövlət borcu və xarici maliyyələşməyə çıxış imkanlarının qorunması kimi üstünlüklərlə dəstəklənir. Bununla yanaşı, reytinqə təzyiq göstərən risklərin mərhələli şəkildə azaldılması da müsbət amil kimi qiymətləndirilir.

Fitch-in proqnozlarına əsasən, Türkiyə iqtisadiyyatının 2026-cı ildə 3,5 faiz böyüməsi gözlənilir. Eyni zamanda, real siyasət faiz dərəcəsinin 2026-cı ilin sonunda 4,5 faiz, 2027-ci ilin sonunda isə 2 faiz səviyyəsində olacağı bildirilir. İnflyasiyanın isə 2027-ci ilin sonuna qədər 19,5 faizə enəcəyi proqnozlaşdırılır.