"Expressbank"da pay alan fiziki şəxslərin adları açıqlanıb | Banco.az

"Expressbank"da pay alan fiziki şəxslərin adları açıqlanıb

"Expressbank" ASC-də iştirak payı alan iki fiziki şəxsin adı məlum olub. "Report" Bankın hesabatına istinadən xəbər verir ki, yeni səhmdarlar Hikmət Xammədov və Hafiz Seyidovdur.

Ötən ilin sonuna adı çəkilən şəxslərin "Expressbank"dakı payı müvafiq olaraq 25% və 17% olub. Onlar indiyə qədər Bankın səhmdarı olan "Ador" MMC-nin 42%-lik payını əldə ediblər.

Eyni zamanda, 2015-ci ilin sonuna "Expressbank"ın qalan səhmləri "AZENCO Group" MMC-yə (40%), "EnerqoServis" MMC-yə (17,61%) və "Azərnəqliyyatservis" MMC-yə (0,31%) məxsus olub.

Ən sərfəli kredit üçün müraciət et

Maraqlıdır ki, Bank ötən gün 2016-cı ilin ilk yarısı ilə bağlı açıqladığı hesabatda səhmdarlarının 2 hüquqi və 2 fiziki şəxs olduğunu bəyan edib.

Qeyd edək ki, yeni səhmdarlardan biri - Hikmət Xammədov eyni zamanda "Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları" ASC-də 98,5%-lik paya malikdir.

Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb və 2010-cu ildə rebrendinq edib.