Əməkhaqqına hansı əlavələr ödənilir? | Banco.az

Əməkhaqqına hansı əlavələr ödənilir?

İşçilərin stimullaşdırılması üçün nəzərdə tutulan 13-cü maaş qəbilindən olan ödənişlər əməkhaqqı əsasında hesablanıb ödənilir. Bəs əməkhaqqına başqa hansı əlavələr edilə bilər? Onlar necə hesablanır?

Hüquqşünas Şəhriyar Həbilov bildirib ki, qanunvericiliyə uyğun olaraq işçilərə 9 növ əlavə ödənişlər edilə bilər. Onlardan biri hər ilin sonunda işçilərə ödənilməsi nəzərdə tutulan 13-cü maaşdır. Daha dəqiq desək, mükafatlandırma sistemi üzrə istər bayram günləri, istərsə də icra edilən layihələr üzrə və ya əmək fəaliyyətinin yüksək səviyyədə peşəkarlıqla icra edilməsi zamanı verilən həvəsləndirmə vasitəsi kimi pul mükafatıdır.

Xüsusi şəraitdə işləyən işçilərə aid edilən əlavələr isə xüsusilə ağır şəraitdə və ya əmək şəraiti zərərli olan işlərdə çalışanlar üçün və ya gecə vaxtı icra edilən əmək fəaliyyətinə görə ödənişləri əhatə edir. Adi iş saatlarından fərqli olaraq gecə vaxtı çalışanların da əməkhaqqına gecə vaxtına düşən hissə üçün əlavələr hesablanmalıdır.

Daha bir əlavə ödəniş vaxtamuzd işçilərə ödənilən əlavələrdir. Günəmuzd işçilər eyni zamanda müxtəlif işlər, vəzifələr, peşələr və ya ixtisas dərəcələri üzrə əmək vəzifələrini yerinə yetirdikdə, habelə dəzgaha, maşına, aparata müəyyən edilən normalardan artıq xidmət etdikdə, onların əməyi daha yüksək haqq verilən ixtisas (peşə) dərəcələri, tarif (vəzifə) maaşları üzrə ödənilir və əməkhaqqına əlavə müəyyən edilir.

Əmək müqaviləsində nəzərdə tutulan əmək funksiyası ilə yanaşı, müəyyən edilən iş vaxtı ərzində işçi tərəfindən digər peşələr (vəzifələr) üzrə əmək funksiyasının tam və ya qismən icra olunduğu hallarda onun əməkhaqqına əlavə ödənilməlidir. İşçi öz işi ilə yanaşı, həmin işə aid olmayan başqa işləri də icra edirsə, bu halda da ona əlavə məbləğ ödənilməlidir. Əlavə məbləğ kollektiv müqavilə və ya qarşılıqlı razılıqla müəyyən olunur.

Ən sərfəli kredit üçün müraciət et

Əməkhaqqına əlavələr sırasında əvəzetməyə görə ödənişlər də var. Özünün əmək funksiyasını yerinə yetirməkdən əlavə, müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əgər əvəz edilən işçinin əməkhaqqı azdırsa, onda müəyyən məbləğ razılaşdırılıb ödənilməlidir.

İş günü sayılmayan günlərdə (istirahət, bayram, seçki və s.) və ya iş vaxtından artıq işə cəlb olunduqda işçiyə gündəlik tarif maaşının iki misli, artıq saat üzrə isə saatlıq tarif maaşının iki misli hesablanıb ödənilməlidir.

Əməkhaqqının gecikməsi səbəbindən işçiyə əlavə ödəniş edilməlidir. İşəgötürənin təqsiri üzündən (vaxtında hesablanmama, banka vaxtında təqdim olunmama və s.) işçiyə əməkhaqqı vaxtında ödənilmədikdə (əmək mübahisəsi yaratmırsa) ona gecikdirilmiş hər gün üçün 1 faiz əlavə haqq ödənilməlidir.

Səhv riyazi hesablama zamanı işçinin hesabına əlavə məbləğ ödənilibsə və bu məbləğ işçiyə ödənilən gündən 1 ay (1 ay keçənə kimi həmin məbləğ geri tutula bilər) vaxt keçibsə, bu məbləğ də əlavə kimi işçidə qalır.

İşçi tərəfindən iş ili üzrə hesablanmış məzuniyyət günlərindən istifadə edilmədikdə, həmin günlər növbəti ilin məzuniyyətinə birləşdirilmirsə, bu halda bu məzuniyyət günləri əvəzinə kompensasiya ödənilməli olur. Bu kompensasiya da əməkhaqqına əlavə hesab edilir.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et