Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası durmadan beynəlxalq təşkilatlarla əlaqələrini genişləndirir. ASK-nın prezidenti Məmməd Musayevin rəhbərliyi ilə ASK-nın nümayəndə heyəti də Vilnüsdə keçirilən II Şərq Tərəfdaşlığı Biznes Forumunda iştirak edib.
Konfederasiya, o cümlədən azərbaycanlı sahibkarlar üçün böyük səmərəli əlaqələr vəd edən daha bir əməkdaşlıq müqaviləsinə imza atıb. Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Litva Sənayeçilər Konfederasiyası arasında əməkdaşlıq müqaviləsini ASK-nın prezidenti Məmməd Musayevlə birgə Litva Sənayeçilər Konfederasiyasının prezidenti Robertas Dargis imzalayıblar.
Təbii ki, bu müqavilə hər iki ölkənin iş adamları arasında işgüzar münasibətlərin formalaşmasına real zəmin yaradacaqdır.
Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” sammiti noyabrın 28-29-da Vilnüsdə keçirilib. Zirvə toplantısında Avropa Birliyinin rəsmi şəxsləri, birliyə üzv olan 27 ölkənin və “Şərq Tərəfdaşlığı” Proqramının iştirakçısı olan 6 ölkənin dövlət və hökumət başçıları iştirak ediblər. Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramını Vilnüsdə keçirilən III zirvə toplantısının yekun Bəyannaməsi qəbul olunub. Sənəddə son 2 ildə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində viza rejiminin liberallaşdırılması, nəqliyyat, enerji, təhsil, gənclik siyasəti, ətraf mühit, vətəndaş cəmiyyətinin inkişafı sahələrində əldə olunmuş tərəqqi qeyd edilir və bu istiqamətlərdə əməkdaşlığın davam etdiriləcəyi bildirilir.
Forum "əməkdaşlıq və biznes cəmiyyətləri ilə hökumətlər arasında əlaqələrin genişləndirilməsinə imkan verib. Bildirilib ki, maraqlı tərəflərin müzakirələri gələcəkdə ticarətin, birbaşa investisiyaların möhkəmlənməsi, dərin və hərtərəfli azad ticarət zonaları çərçivəsində uğurlu biznes üçün infrastrukturların inkişafına təkan verəcək.
Litvanın Baş naziri əminliklə qeyd edib ki, III Şərq Tərəfdaşlığı Sammiti proqramın tarixində yeni səhifə açılır və "Şərq tərəfdaşları Avropa İttifaqı ilə daha sıx birləşmək yoluna qədəm qoyur.
“Şərq tərəfdaşlığı”nın növbəti sammiti 2015-ci ilin ilk yarısında Latviyanın paytaxtı Riqa şəhərində keçiriləcək.