Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, bankların bağlanmaq təhlükəsi yoxdur və onların hər birinin iqtisadi cəhətdən manevr etmək imkanları var. O, həmçinin qeyd edib ki, əmanətlərin qorunması məsələsi gündəmdədir:
“Bildiyiniz kimi 30 min manatadək olan əmanətlər qorunur. Biz təklif etdik ki, əmanətlər 250, 500 min manata qədər qorunsun və 3 il müddətinə monopoliya qoyulsun ki, heç bir problem yaranmasın. Hökumət belə addımlara gedə bilər, çünki, beynəlxalq praktikada da bu var”.
Banco.az "Modern az"a istinadən xəbər verir ki, deputat xüsusi olaraq vurğulayıb ki, bahalaşma ilə əlaqədar ölkə başçısının göstərişi var:
“Bahalaşma ilə əlaqədar prezident İlham Əliyevin xüsusi göstərişi olub. Bu barədə Mərkəzi Bankın sədri də qeyd edib. İqtisadi İnkişaf Nazirliyi subyektiv qiymətlərin qarşısını almalıdır, bahalaşmaya gedilməməlidir. Çünki, anbarlarda olan məhsullar köhnə qiymətlərlə alınıb, elə köhnə qiymətlə də alıcılara satılmalıdır. Ciddi monitorinqlər aparılsa, ciddi bahalaşmaya gedilməz. Hər dəfə devalvasiya prosesi gedəndə müəyyən qədər bahalaşma olur. O zaman əhalinin sosial vəziyyəti ilə əlaqədar sosial paket hazırlanmalıdır və ona baxılmalıdır.
Pensiya və əmək haqqı ilə bağlı ciddi dəyişiklik gözlənilmir. Müəyyən qədər indeksasiya prosesi gedə bilər. Bu da Azərbaycan hökumətinin qəbul etdiyi qərardan asılı olacaq. Sosial problemlərlə əlaqədar sosial paket hazırlana bilər. Həmçinin pensiya ilə bağlı da islahatlar aparılmalıdır.
Əsas müzakirə mövzusu sənaye obyektlərinin yaradılmasıdır ki, kənd təsərrüfatı və sənaye sahələrində qısa müddət ərzində həm xaricə çıxa bilək, həm də bəzi məhsulları idxaldan çıxaraq. Bu da gələcəkdə manatın möhkəmlənməsinə səbəb olsun”.
V.Əhmədov deyib ki, 21 fevral devalvasiyasından sonra əmanətlərin 20 faizi dollarda, 80 faizi isə manatda idi:
“Mərkəzi Bankın yaratdığı şəraitdən sonra insanların əmanətlərinin 80 faizi dollardadır, 20 faizi manatdadır. Faktiki olaraq həmin insanlar 50 faiz udublar”.
"10 min manatadək kreditlərin əvvəlki kursla ödənməsinə şərait yaradıla bilər"