"10 min manatadək kreditlərin əvvəlki kursla ödənməsinə şərait yaradıla bilər" | Banco.az

"10 min manatadək kreditlərin əvvəlki kursla ödənməsinə şərait yaradıla bilər"

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, manatın növbəti devalvasiyası ilə əlaqədar əhalinin kommersiya banklarına olan 10 min manata qədər borclarının əvvəlki məzənnə ilə ödənilməsi nəzərdə tutula bilər. O, bir sıra təkliflərlə çıxış edib.

Banco.az "Modern az"a istinadən xəbər verir ki, deputat qeyd edib ki, əslində devalvasiyanın yumşaq şəkildə tətbiqi nəzərdə tutulsa da, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi manatın 50 faiz  ucuzlaşmasını labüd edib:

“İl ərzində iki dəfə devalvasiyanın olması bank sisteminin, eyni zamanda əhalinin bəzi problemlərinin həllini gündəmə gətirib. İlk olaraq müzakirə predmeti istehlak kreditləridir. Belə ki, dollarla kredit götürən insanların vəziyyəti çox çətindir. Bu baxımdan onlar əlavə vəsait ödəməsinlər deyə, Azərbaycan hökuməti və Mərkəzi Bank məsələyə baxmalıdır, həmin insanların aldığı kreditlərin (10 min manata qədər) köhnə məzənnə ilə ödənilməsi qərarı verilə bilər. İstəyimiz nisbətən aşağı təbəqəyə malik insanların əziyyət çəkməməsi, kreditlərin ödənilməsinə müəyyən mənada yardım edilməsidir.

Bank sistemində bank faizləri, o cümlədən iri bankların yaradılması məsələləri öz həllini tapmalıdır. Banklar öz aralarında birləşərək, kapital yığını əmələ gətirməlidir ki, bank faizləri aşağı düşsün”.

Ən sərfəli kredit üçün müraciət et

Vahid Əhmədov neftin qiymətinin 20 dollara düşməsi fonunda manatın hansı həddə qədər ucuzlaşmasına da aydınlıq gətirib. O qeyd edib ki, bununla bağlı hökumətin xüsusi tədbirlər planı olmalıdır:

“Məndə olan məlumata görə hazırda bunun üzərində iş gedir. Aldığım məlumata görə, cənab prezident İlham Əliyev hökumətə belə bir göstəriş verib ki, elə proqram tərtib etsinlər ki, manatı bu səviyyədə qoruyub saxlamaq mümkün olsun. Bunun üçün də ixrac yönümlü məhsulların istehsalı, sahibkarlıqla məşğul olan insanlara müəyyən güzəştlərin verilməsi, monopoliyanın aradan qaldırılması, qeyri- neft sektorunun inkişafı və s. məsələlərə Azərbaycan hökuməti tərəfindən baxılacaq.

Gələcəkdə devalvasiyanın baş verməməsi üçün Azərbaycan hökumətinin üzərinə çox böyük məsuliyyət düşür ki, ixrac yönümlü məhsulları artırsın, idxalın strukturuna yenidən baxsın. Hansı məhsulları ki, Azərbaycanda istehsal etmək lazımdır, onları idxaldan çıxarmaq lazımdır. Büdcə xərclərilə əlaqədar nəzarət gücləndirilməli, hər bir manat təyinatı üzrə xərclənməlidir. Mən hesab edirəm ki, Mərkəzi Bank və Azərbaycan hökumətinin bu sahədə ciddi planları var və bunları həyata keçirəcəklər”.

"Əmanətlərin qorunması məsələsi gündəmdədir"