Əmanətlərin gəlir vergisini necə hesablaya bilərəm? | Banco.az

Əmanətlərin gəlir vergisini necə hesablaya bilərəm?

Son dövrlər portalımıza daxil olan sualların əksəriyyəti əmanətlərdən tutulan gəlir vergisinin necə təbiq olunması ilə bağlıdır. İnsanlar gəlir vergisindən narahat olub bəzi hallarda əmanətlərini geri götürmək fikrinə düşürlər. Lakin nəzərinizə çatdırmaq istəyərdim ki, tətbiq olunan gəlir vergisi dividendlərinizin çox kiçik hissəsini əhatə etdiyinə görə narahatlığa ehtiyac yoxdur. Pulunuzu banklarda saxlamaq daha məqsədəuyğun hesab olunur. Banco.az portalı sizə növbəti dəfə gəlir vergisinin hesablanma qaydalarını izah edir.

Gəlir vergisinə edilmiş dəyişikliklər barədə Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” Qanunu 31 dekabr 2014-cü il tarixədək qüvvədə olmuşdur. Həmin Qanunun qüvvədə olduğu müddət ərzində fiziki şəxslərə əmanətləri üzrə ödənilən faizlər Vergi Məcəlləsinin 123-cü maddəsi ilə nəzərdə tutulan ödəmə mənbəyində vergidən azad edilmişdir. Bu Qanunun qüvvədən düşməsi ilə əlaqədar Vergi Məcəlləsinə yeni 102.1.22-ci maddə əlavə edilmişdir. Bu maddəyə əsasən yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Misal:

1. Fiziki şəxs 01.01.2015-ci il tarixdə yerli banka 1 il müddətinə illik 9 faiz dərəcəsi ilə 10000 manat məbləğində əmanət yerləşdirmişdir. Bu halda, ilin sonunda fiziki şəxsə ödəniləcək faizlərdən ödəmə mənbəyində tutulmalı vergi aşağıdakı qayda ilə hesablanacaq:

10000 manat x 9% = 900 manat (ödəniləcək faizin məbləği) (900-500) x 10% = 40 manat (ödəmə mənbəyindən tutulan vergi)

2. Fiziki şəxs 15.03.2014-cü il tarixdə yerli banka 1 il müddətinə illik 10 faiz dərəcəsi ilə 40000 manat məbləğində əmanət yerləşdirmişdir. Müqavilədə faizlərin bir ilin tamamında götürülməsi nəzərdə tutulmuşdur. Bu halda, 15.03.2015-ci ildə fiziki şəxsə ödəniləcək faizlərdən ödəmə mənbəyində tutulmalı vergi aşağıdakı qayda ilə hesablanacaq: 

40000 manat x 10% = 4000 manat(ödəniləcək faizin məbləği)

Ən sərfəli kredit üçün müraciət et

Faiz gəlirlərinin yalnız 01.01.2015-15.03.2015-ci il dövrünə düşən hissəsi vergiyə cəlb olunacaq:

4000 manat/12 ay = 333,3 manat

333,3 manat x 2,5 ay = 833,25 manat

(833,25 manat - 500 manat ) x 10% = 33,3 manat (ödəmə mənbəyindən tutulan vergi)

3. Fiziki şəxs 01.01.2015-ci il tarixdə bir yerli banka illik 12%-lə 20000 manat, digər yerli banka 01.01.2015-ci il tarixdə illik 11%-lə 15000 manat əmanət yerləşdirmişdir. Üçüncü banka isə 01.02.2015-ci il tarixdə illik 7%-lə 5000 manat əmanət yerləşdirmişdir. Bütün müqavilələr 1 illik müddətə bağlanmışdır.

Bu halda güzəşt fiziki şəxsin hər bir faiz gəlirinə ayrı-ayrılıqda tətbiq ediləcək:

20000 x 12 % - 500 manat =1900 manat x 10%=190 manat

15000 x 11% - 500 manat = 1150 manat x 10% = 115 manat

5000 x 7% - 500 manat < 0 vergi tutulmur.

4. Fiziki şəxs 01.01.2015-ci il tarixdə yerli bankın iki ayrı-ayrı filialının hər birinə illik 12%-lə 20000 manat əmanət yerləşdirmişdir. Bütün müqavilələr 1 illik müddətə bağlanmışdır.

Bu halda əmanət eyni bankın iki ayrı-ayrı filialına yerləşdirildiyinə görə güzəşt faiz gəlirinin cəminə tətbiq ediləcək:

40000 x 12 % - 500 manat = 4300 manat x 10% = 430 manat

Ən sərfəli krediti almaq üçün müraciət et