Elmar Rüstəmov bankları sevindirdi | Banco.az

Elmar Rüstəmov bankları sevindirdi

Bu gün ölkədə iki bank bağlandı. Əslində “EvroBank” və “Azərbaycan Kredit Bankı”n fəaliyyətini dayandırması heç də sürpriz olmadı. İndi əsas məsələ, bu bankların müştərilərinin aqibətidir. Bununla bağlı sualları elə Mərkəzi Bankın sədrinə ünvanlanıb. Banco.az "ANSPRESS"ə istinadən xəbər verir ki, Elman Rüstəmovdan digər banklara isə şad xəbər var. Onlara ucuz pul veriləcək.
Mərkəzi Bankın qərarı ilə “EvroBank”ın lisenziyası alınıb. “Azərbaycan Kredit Bankı”na isə müvəqqəti inzibatçı təyin edilib. Bir sözlə hər iki bank maliyyə sistemini tərk edib. Hər iki qurum nizamnamə kapitalını 50 milyon manata çatdıra bilməyib.

“EvroBank“da əhalinin əmanəti yoxdur, digər maliyyə təşkilatında isə insanların depoziti olsa da, Mərkəzi Bank sədri Elman Rüstəmov onların narahatlığına əsas görmür:

“İlkin analiz göstərir ki, bankda əmanətləri qaytarmaq üçün kifayət qədər vəsait var. Digər bir tərəfdən vəsaitin bir hissəsi də sığorta fondu tərəfindən kompensasiya olunub. Eyni zamanda artıq bizim müvəqqəti inzibatçı “Azərbaycan Kredit Bankı” da çalışır. Sadəcə olaraq bütün bu proseslər bir az vaxt alacaq. Belə ki, bu əmanətlərin məbləği, onların əsl sahibləri, eləcə də ünvanları dəqiqləşdirilir. Biz çalışacağıq ki, çox qısa bir müddət ərzində əmanətçilərin qanuni tələbləri ödənilsin”.

Mərkəzi Bankdan banklar üçün daha bir tələb, eyni zamanda şans var. Tənzimləyici orqan onlara ucuz vəsait verəcək. Amma heç də hamısına yox. Bunun üçün tələblərə cavab vermək lazımdır.

“Hesab edirik ki, bank sektorunda vəziyyət sabitdir. Məhz onların buna qoşulmaq imkanları var. Biz bunu mərhələli bir şəkildə həyata keçirəcəyik. Banklar yalnız müəyyən şərtlər əsasında resurslara qoşula bilər. Bunun üçün Mərkəzi Bank tələblərinə cavab vermək lazımdır” – deyə Elman Rüstəmov bildirib.

Bununla Mərkəzi Bank bankların “cəlb olunan vəsaitlər baha olduğuna görə kreditlər bahadır” bəhanəsi aradan qaldırmış olacaq. 

Eyni zamanda ucuz vəsaitdən istifadə edib kredit faizlərini aşağı salan banklar bazarda rəqabəti yüksəldəcək. Bu isə digər maliyyə təşkilatlarının da tələblərə uyğunlaşmasına stimul yaradacaq.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et