22 iyul 2015-ci il tarixində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti yenidən formalaşdırılıb. İndi bank qarşısında mühüm vəzifələr durur. Bankın yeni rəhbərliyinin gələcəyə baxışı necədir? Regionun ən böyük maliyyə qurumlarından olan bu bankın fəaliyyətində müsbət dəyişikliklərin baş verməsi üçün ilk mərhələdə hansı addımlar atılacaq? Sualları Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Elmar Məmmədov "APA"ya müsahibəsində cavablandırıb.
- Elmar müəllim, Azərbaycan Beynəlxalq Bankının gələcək fəaliyyəti ilə bağlı strateji hədəflər nədən ibarətdir?
- Bildiyiniz kimi, 15 iyul 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Fərman imzalamışdır. Bu Fərman Bankın gələcək fəaliyyətini, yeni mərhələdə başlıca fəaliyyət strategiyasını müəyyən edən əsas sənəddir. Bu sənəddə dəqiq və konkret tapşırıqlar verilmişdir. İndiki mərhələdə Azərbaycan Beynəlxalq Bankının yerinə yetirməli olduğu əsas vəzifələr bu tapşırıqların icrasında aidiyyəti dövlət qurumlarına bacardığı köməyi göstərmək, Bank qarşısında müəyyən edilmiş tələbləri vaxtında və lazımi səviyyədə yerinə yetirməkdir.
- Bankın idarəetmə sistemində hər hansı islahatlar gözlənilirmi?
- Fərmanda dövlətə məxsus səhmlərin imkan verdiyi dərəcədə bankın restrukturlaşdırılması, maliyyə durumunun sağlamlaşdırılması və kapitallaşması, fəaliyyətinin səmərəliliyinin artırılması, idarə edilməsinin müasir korporativ idarəetmə standartları əsasında təşkili, bankın kredit, borclanma, kadr siyasətinin təkmilləşdirilməsi, habelə vaxtilə verilmiş və ödəmə vaxtı keçmiş kredit borclarının qaytarılması üçün təsirli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Bu vəzifələrin yerinə yetirilməsindən ötrü Bankda müəyyən struktur islahatlarının aparılması, korporativ idarəetmə sisteminin müasir dövrün çağırışlarına uyğun təkmilləşdirilməsi, aktivlərin və passivlərin idarə edilməsi üzrə strategiyanın hazırlanması, kadr siyasətinə yenidən baxılması və səriştəli kadrların bankın fəaliyyətinə cəlb olunması və s. bu kimi addımların atılması zəruridir. Bu baxımdan, Bankda sağlam inkişafa xidmət edən müəyyən islahatlar, təbii ki, aparılacaq.
Bundan başqa, kredit növlərinə və məhsullarına yenidən baxılmasına, bankın xərclərinin minimallaşdırılmasına ehtiyac var. Xərclərin minimallaşdırılması deyərkən, burada təkcə maliyyə resurslarının cəlb edilməsi üzrə xərclər yox, Bankın digər fəaliyyət sahələri üzrə xərclər də nəzərdə tutulur.
- Azərbaycan Beynəlxalq Bankının bir sıra xarici nümayəndəlikləri və törəmə müəssisələri fəaliyyət göstərir. Həmin qurumlar öz fəaliyyətini davam etdirəcəkmi?
- Bu suala konkret cavab vermək hələ, yəqin ki, bir qədər tezdir. Çünki bu kimi məsələlərin həlli əhatəli təhlillərdən asılıdır. Azərbaycan Beynəlxalq Bankının bütün xarici nümayəndəliklərinin və törəmə müəssisələrinin fəaliyyəti ətraflı şəkildə təhlil ediləcək. Onların fəaliyyətinin nə dərəcədə səmərəli olduğu müəyyənləşdiriləcək. Yalnız dəqiq bir qənaətdən sonra Bank üçün səmərəli sayılan qurumların fəaliyyətinin daha da təkmilləşdirilməsi və ümumi strateji məqsədlərə uyğunlaşdırılması, yaxud fəaliyyəti ümumiyyətlə, lüzumsuz sayılanların gələcəyi ilə bağlı müəyyən adekvat qərarların verilməsi üzərində düşünmək olar.
- Bəs, bankın filial şəbəkəsinin genişləndirilməsi, yaxud ixtisarı planlaşdırılırmı?
- Azərbaycanın mövcud sosial-iqtisadi inkişafı mühitində və ölkənin maliyyə bazarındakı banklararası sağlam rəqabət şəraitində istənilən bankın xidmət şəbəkəsinin optimal əsaslar üzərində qurulması çox mühümdür. Azərbaycan Beynəlxalq Bankı ölkənin ən geniş xidmət şəbəkəsinə malik banklarından biridir. Bankın xidmət şəbəkəsinin optimallaşdırılması, xidmət ofislərimizin həm ərazi-coğrafi baxımdan, həm real müştəri potensialı baxımından daha səmərəli şəkildə yerləşdirilməsi də, təbii ki, planlarımıza daxildir və bu istiqamətdə müəyyən addımlar atıla bilər.