Əlil şəxslərə hansı vergi güzəştləri tətbiq edilir? | Banco.az

Əlil şəxslərə hansı vergi güzəştləri tətbiq edilir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Azərbaycan Respublikasının Vergi Məcəlləsi əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və onların iqtisadi fəaliyyətə cəlb olunmasının təşviqi məqsədilə bir sıra vergi güzəştləri müəyyən etmişdir. Bu güzəştlər həm muzdlu işdən əldə olunan gəlirlərə tətbiq edilən gəlir vergisini, həm də sahibkarlıq və istehsal fəaliyyəti ilə bağlı vergi öhdəliklərini əhatə edir".

Bunu Banco.az-a açıqlamasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şulan Nağıyev bildirib. 

Vəkilin sözlərinə görə, Vergi Məcəlləsinin 102.2.4-cü maddəsinə əsasən, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin muzdlu işdən əldə etdikləri vergi tutulmalı aylıq gəliri 400 manat məbləğində azaldılır: "Bu güzəşt şəxsin gəlir vergisinin hesablanması zamanı tətbiq edilir.

Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən isə müharibə ilə əlaqədar əlilləri istisna olmaqla, orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin aylıq gəliri 200 manat məbləğində azaldılır.

Qanunvericilik daimi qulluq tələb edən şəxslərə qulluq edən ailə üzvləri üçün də müəyyən təminatlar nəzərdə tutur. Belə ki, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi olan şəxsə və ya orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan valideynlərdən birinin, arvadın (ərin) və ya qəyyumun vergiyə cəlb edilən aylıq gəliri də 200 manat məbləğində azaldılır.

Vergi Məcəlləsinin 102.7-ci maddəsinə əsasən, şəxsin eyni vaxtda bir neçə güzəşt hüququ olduqda, ona yalnız məbləğcə daha böyük olan güzəşt tətbiq edilir. Başqa sözlə, şəxs həm əlillik, həm də digər statuslara görə güzəşt hüququna malikdirsə, bu güzəştlər toplanmır və ən yüksək məbləğ nəzərə alınır".

Ş. Nağıyev qeyd edib ki, vergi güzəştlərindən istifadə etmək üçün təsdiqedici sənədlər fiziki şəxsin əsas iş yerinə təqdim edilməlidir: "Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, şəxs əlillik statusunu təsdiq edən sənədləri əmək fəaliyyətinə başladıqdan sonra təqdim etdikdə belə, güzəşt sənədin təqdim olunduğu tarixdən deyil, əmək müqaviləsinin hüquqi qüvvəyə mindiyi tarixdən tətbiq edilir. Qeyd olunmuş qaydada vergi güzəşti yalnız əsas iş yeri üzrə tətbiq edilir və təqdim edilməli sənədlərin siyahısı Nazirlər Kabinetinin “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısının təsdiq edilməsi barədə” qərarı ilə müəyyən edilmişdir".

Elektron ticarət və fərdi yaradıcılıq fəaliyyəti üzrə xüsusi vergi rejimi

"Vergi Məcəlləsinin 101.6-1-ci maddəsi əlilliyi olan şəxslərin fərdi əməyinin və yaradıcılıq fəaliyyətinin stimullaşdırılmasına yönəlmiş xüsusi vergi rejimi müəyyən edir. Həmin maddəyə əsasən, əlilliyi olan şəxslərin elektron ticarət qaydasında öz əl işlərinin satışından əldə etdikləri gəlirlərə münasibətdə xərclər çıxılmadan 2 faiz dərəcə üzrə vergi tətbiq edilir.

Bu yanaşma əlilliyi olan şəxslərin özünüməşğulluq imkanlarının genişləndirilməsi və kiçik sahibkarlıq fəaliyyətinə təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Vergi qanunvericiliyi əlilliyi olan şəxslərin məşğulluğunu təmin edən müəssisələr üçün də müəyyən vergi üstünlükləri nəzərdə tutur. Belə ki, əlilliyi olan şəxslərin ictimai birliklərinə məxsus olan və işçilərinin ümumi sayının azı 50 faizi əlilliyi olan şəxslərdən ibarət olan istehsal müəssisələrinin mənfəət vergisi 50 faiz azaldılır", - vəkil bildirib.

Şulan Nağıyev həmçinin əlavə edib ki, bu güzəşt tətbiq edilərkən yalnız müəssisənin rəsmi ştat üzrə işçiləri nəzərə alınır: "Xidməti müqavilə və ya podrat müqaviləsi əsasında çalışan şəxslər həmin hesablamaya daxil edilmir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş vergi güzəştləri əlilliyi olan şəxslərin sosial müdafiəsinin təmin edilməsinə, onların əmək bazarında iştirakının artırılmasına və iqtisadi fəallığının stimullaşdırılmasına xidmət edir. Həm fərdi şəxslər, həm də onların məşğulluğunu təmin edən müəssisələr üçün tətbiq edilən bu güzəştlər inklüziv sosial siyasətin mühüm elementlərindən biri hesab olunur".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram