Eldar İsmayılov: "AtraBank"la niyyət protokolu imzalamışıq, Mərkəzi Bankın qərarını gözləyirik" | Banco.az

Eldar İsmayılov: "AtraBank"la niyyət protokolu imzalamışıq, Mərkəzi Bankın qərarını gözləyirik"

"Qafqaz İnkişaf Bankı" ASC və "AtraBank" ASC konsolidasiya ilə bağlı ilkin niyyət protokolunu imzalayıb. Bu barədə "APA-Economics"ə lisenziyası ləğv olunan "Qafqaz İnkişaf Bankı" ASC-nin Müşahidə Şurasının sədri Eldar İsmayılov deyib.

E. İsmayılovun sözlərinə görə, konsolidasiya ilə bağlı hər iki bankın səhmdarlarının mövqeyi qətidir: "Bizim qərarımız qətidir. Bizim banklar birləşəcək. Bu məsələ Mərkəzi Bankla da müzakirə edilib. Təsisçilərimiz, səhmdarlar birləşməklə bağlı sənədə qol çəkib. Hazırda biz Mərkəzi Bankın qərarını gözləyirik. Mərkəzi Bank da bu işə müsbət baxmaq istəyir. Amma hələlik Mərkəzi Bank dəqiq qərar verməyib. Biz ümid edirik ki, Mərkəzi Bank prezident İlham Əliyevin "banklar konsolidasiyaya getməlidir" göstərişini üstün tutacaq. Mərkəzi Bank bu məsələni ölçüb-biçib bizə bir tövsiyə verəcək. Bizim ümid yerimiz var ki, Mərkəzi Bankın İdarə Heyəti ölkə başçısının göstərişindən kənara çıxmayacaq".
 
O əlavə edib ki, "Qafqaz İnkişaf Bankı" lisenziyası ləğv edilənədək Mərkəzi Bankın normativlərinə uyğun fəaliyyət göstərib: "Ötən il ölkədə baş verən devalvasiya "Qafqaz İnkişaf Bankı" ilə yanaşı digər bankların da fəaliyyətinə təsir edib. Azərbaycanda elə bir bank yoxdur ki, onun likvidliyi tam qənaətbəxş olsun. Ötən il devalvasiya olub və buna görə bütün bank sektoru ekstremal vəziyyətdədir. Belə halda heç bir bank deyə bilməz ki, mənim göstəricilərim yaxşıdır. "Qafqaz İnkişaf Bankı" elə də böyük bank deyil, lakin  Mərkəzi Bankın normativlərinə uyğun fəaliyyət göstərirdi. Ona görə, mənə elə gəlir ki, Mərkəzi Bank bizim xırda qüsurlarımızı qabartmayacaq".
 
Konsolidasiya prosesinin detallarına gəlincə, E. İsmayılov əlavə edib ki, konsolidasiyanın iki-üç yolu var və bunlardan hansı məqbul olacaqsa, o yolla da gediləcək: "Konsolidasiya daimi bir prosesdir. Bu o demək deyil ki, iki bank birləşdi və məsələ bitdi. Sabah ola bilər ki, üçüncü bank da, dördüncü bank da prosesə cəlb olunsun. Azərbaycanda konsolidasiya prosesi bir il aktiv davam edəcək. Amma proses daimidir".

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et