Məşhur Rotşild bankçılar sülaləsinin banisinin belə dediyi rəvayət olunur: “Ölkənin pullarının idarə edilməsini mənə verin və bundan sonra onun qanunlarının kim tərəfindən qəbul edilməsi heç vecimə deyil”. Bir həftədən sonra Konstitusiya Məhkəməsi bu şüarın Azərbaycana da şamil edilib-edilməməsi sualına cavab verəcək. Daha konkret, mayın 7-də Konstitusiya Məhkəməsi 2 suala cavab verməlidir: 1) xarici valyutada kredit vermək qanunidirmi? 2) xarici valyutada verilən kredit hansı məzənnə ilə qaytarılmalıdır?
Cəmiyyətimizi narahat edən bu problemlərin həllində yardımçı olmaq məqsədilə bu gün mən Konstitusiya Məhkəməsinə ətraflı hüquqi rəyimi (qərar layihəsi daxil olmaqla) təqdim etmişəm. Həmin rəyi burada bölüşürəm. Rəyin həcmi böyük (14 səhifə) olduğundan, yəqin ki, onu yalnız hüquqşünas həmkarlarımın bir qismi sonadək oxuyacaq. Buna görə də burada yalnız sonda gəldiyim nəticəni yazacağam (qabaqcadan deyim ki, bu hissə də az yer tutmur, amma hər halda qeyri-hüquqşünaslar üçün də oxunaqlı olmalıdır). Qabaqcadan deyim ki, mən kompromis qərarın qəbul edilməsini təklif edirəm. Lakin bu, kompromis naminə kompomis təklifi deyil. Mən hüquqşünasam. Buna görə də təklifimi ilk növbədə hüquqi cəhətdən əsaslandırmışam. Sadəcə xoşbəxtlikdən hüquqi cəhətdən düzgün hesab etdiyim qərar insani nöqteyi-nəzərdən də ədalətlidir. Başqa sözlə, hüquqi və vətəndaş mövqeyim üst-üstə düşür. Qısası budur ki, xarici valyutada kreditin verilməsini qanunsuz hesab edirəm (bu əhalinin xeyrinə olacaq). Lakin belə kredit istənilən halda banka cari məzənnə ilə qaytarılmalıdır (bu bankların xeyrinə olacaq). Beləliklə, keçirəm rəyimin nəticə hissəsinə. Nəticə hissəsi qərar layihəsindən və onun sosial-iqtisadi əsaslandırılmasından ibarətdir.
Qərar layihəsi. MM-in 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin şərhi üzrə AR Konstitusiya Məhkəməsinin qərarında bu və ya digər şəkildə aşağıdakıların təsbit edilməsini təklif edirəm:
1. MM-in 439.1-ci maddəsinin məzmununa və mənasına uyğun olaraq, bütün tərəfləri AR vətəndaşları və (və ya) hüquqi şəxsləri olan pul öhdəliyi yalnız manatla ifadə edilməlidir. Bu, həmçinin kredit və bank əmanəti müqavilələrinə də aiddir. Əks halda, həmin müqavilə MM-in 337.1-ci maddəsinə əsasən etibarsızdır və MM-in 337.5-ci maddəsinə uyğun olaraq tərəflərdən hər biri xarici valyutada aldığı pul məbləğini (faizlər, komisyon və digər haqlar daxil olmaqla) digər tərəfə qaytarmalı və ya onun manat ekvivalentini ödəməli, borclu isə həmçinin əlavə olaraq MM-in 449.1-ci maddəsinə müvafiq olaraq kreditora bank uçot dərəcəsi ilə faizlər ödəməlidir.
2. MM-in 439.2-ci maddəsinin məzmununa və mənasına uyğun olaraq, xarici valyutada olan pul öhdəliyi ödəniş gününə manatın xarici valyutaya məzənnəsi əsasında manatla ödənilməlidir. MM-in 439.2-ci maddəsinin “ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa” ifadəsi AR Konstitusiyasının 19-cu maddəsinin III hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
3. MM-in 439.7-ci maddəsinin məzmununa və mənasına uyğun olaraq, əgər MM-də və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa:
- pul vahidinin nominal dəyəri artmış və ya azalmışsa, borclu ödənişi yeni nominal dəyərdə əvvəlki və yeni nominal dəyərin məzənnəsinə uyğun ödəməlidir;
- pul vahidinin bazar dəyəri artmış və ya azalmışsa, borclu ödənişi pul öhdəliyinin ifadə edildiyi məbləğdə ödəməlidir;
- pul vahidi digər pul vahidi ilə əvəz edilmişdirsə, borclu ödənişi dəyişmə gününün məzənnəsinə uyğun ödəməlidir.
4. Bu qərarda əks olunan hüquqi mövqelər nəzərə alınmaqla pul öhdəliyini nizamlayan qaydaların qanunvericilikdə dəqiq müəyyən olunması AR-in Milli Məclisinə tövsiyə edilsin.
Qərarın sosial-iqtisadi mahiyyəti. Qeyd etdiyim kimi, təklif edilən qərar layihəsi nəinki hüquqi cəhətdən düzgün olar, həmçinin manatın kəskin devalvasiyasından sonra cəmiyyətimizdə mövcud olan sosial gərginliyi yumşalda və iqtisadi problemlərin bir qismini həll edə bilər. Bu təklifin əsas üstünlüyü həm də ondan ibarətdir ki, heç bir tərəfin iddiasını tam təmin etmir və devalvasiya nəticəsindəki yaranmış zərəri onların arasında bölüşdürür. Buna görə də təklifimin hər bir tərəf üçün müsbət və mənfi cəhətləri üzərində qısaca dayanaq:
1) Banklar (və digər kredit təşkilatları) üçün əsas müsbət cəhət ondan ibarətdir ki, xarici valyutada verdikləri kreditlər onlara həmin valyutada və ya manatla cari məzənnə ilə qaytarılacaq. Düzdür, öz növbəsində banklar da xarici valyutada olan bank əmanətlərini cari məzənnə ilə qaytarmalıdır. Lakin, nəzərə alsaq ki, bir qayda olaraq, xarici valyutadakı kreditlərin həcmi bank əmanətlərinin həcmindən çoxdur, manatın kəskin devalvasiyası nəticəsində banklar fayda götürmüş olurlar. Sözügedən kreditlər və bank əmanətləri üzrə faizlərin bank uçot dərəcəsi (hazırda 3,5%) ilə ödənilməsi də eyni səbəbə görə banklara cüzi də olsa, gəlir gətirəcək.
Əsas mənfi cəhət isə bankların verdiyi kreditlər üzrə şərtləşdirdikləri və gözlədikləri dərəcə ilə faiz (ən azı 20%), komisyon və digər gəlirlərdən məhrum olmalarıdır. Məlumdur ki, bizdə kredit və bank əmanətləri üzrə faiz dərəcələri arasında fərq çox böyükdür. Buna görə də bank əmanətləri üzrə də əmanətçilərin faiz gəlirlərinin müəyyən hissəsindən məhrum olmaları bankların itkisini yalnız cüzi əvəzləşdirir. Lakin eyni zamanda banklar xarici valyutadakı krediti geri almaq əvəzinə cari məzənnə əsasında manatla yenidən rəsmiləşdirərək müştəriləri ilə kredit münasibətlərini davam etdirə və müəyyən itkilərini (məsələn, komisyon haqları) bərpa edə bilərlər.
Digər vacib mənfi cəhət bankların verdikləri kreditlər üzrə təminatlardan məhrum olmalarıdır. Bu isə bankların problemli borc alanlarla işini ağırlaşdıra bilər. Xüsusilə, məsələn, etibarsız hesab edilmiş girov (ipoteka) predmetinin mülkiyyətçisi borc alan deyil, üçüncü şəxs olan hallarda. Lakin güman edirəm ki, belə hallar çox olmalı deyil. Burada çox şey bankların krediti verərkən AR Mərkəzi Bankının normativ xarakterli aktlarına və sağlam bank praktikasına nə dərəcədə riayət etməsi, öz növbəsində AR Mərkəzi Bankının da bankların üzərində həyata keçirdiyi bank nəzarətinin keyfiyyətindən asılı olacaq. Belə ki, məsələn, AR Mərkəzi Bankının 18 noyabr 2008-ci ildə təsdiq etdiyi və AR Ədliyyə Nazirliyi tərəfindən 10 dekabr 2008-ci il tarixində dövlət qeydiyyatına (№ 3426) alınmış “Banklarda kreditlərin verilməsi Qaydaları”nın 4.1.7-ci bəndində deyilir: “Təminatın dəyəri bankı kredit əməliyyatı üzrə dəyən zərərdən qorumaq üçün kifayət etməli, eyni zamanda kreditlərin qaytarılması üçün yeganə və əsas mənbə olmamalıdır. Kreditin qaytarılması üçün əsas borcalanın sağlam maliyyə vəziyyəti və fəaliyyəti dövründə əldə etdiyi pul vəsaiti olmalıdır”. Başqa sözlə, bankların bu məsələ üzrə yaşaya biləcəkləri problemlər əsasən özlərinin yol verdikləri pozuntuların nəticəsi olacaq.
Hər bir halda bu qərar nəticəsində xüsusi ilə çətin vəziyyətə düşmüş banklara dövlət, o cümlədən AR Mərkəzi Bankı ünvanlı ucuz kredit vermək yolu ilə yardım edə bilər.
2) Borc alan fiziki və hüquqi şəxslər üçün əsas müsbət cəhət ondan ibarətdir ki, xarici valyutada götürdükləri kreditlər üzrə yalnız bank uçot dərəcəsi (hazırda 3,5%) ilə faiz ödəyəcəklər. İndiyədək banka ödədikləri faizləri (ən azı 20%), komisyon və digər haqları isə geri alacaqlar. Bu isə o deməkdir ki, onların xərci xeyli azalacaq və aşağıda göstərilən mənfi cəhəti yumşaldacaq.
Əsas mənfi cəhət isə təbii ki, onların götürdükləri krediti xarici valyutada və ya manatla cari məzənnə ilə ödəmək vəzifəsidir. Başqa sözlə, manatın kəskin devalvasiyasının yükü əsasən onların üzərində qalacaq.
3) Əmanətçilər üçün əsas müsbət cəhət ondan ibarətdir ki, xarici valyutada qoyduqları bank əmanəti onlara həmin valyutada və ya manatla cari məzənnə ilə qaytarılacaq. Deməli, manatın kəskin devalvasiyası nəticəsində onlar fayda götürmüş olurlar.
Əsas mənfi cəhət isə ondan ibarətdir ki, onlar bank əmanəti üzrə şərtləşdirdikləri və gözlədikləri dərəcə ilə deyil, bank uçot dərəcəsi (hazırda 3,5%) ilə faiz gəliri əldə edəcəklər. Lakin istənilən halda bankların və borc alanların itkiləri və problemləri qarşısında bu itki iri deyil.
İstənilən halda təklif edilən qərar heç kəsi tam razı sala bilməz. Lakin eyni zamanda manatın kəskin devalvasiyası nəticəsindəki itkilərin yükünü bir tərəfin üzərinə qoymur. Buna görə də cəmiyyətimizdə müəyyən mənada kompromisə nail olmaq, tarazlığı qorumağa kömək edə bilər.
Yaranmış vəziyyətdə hamının təqsiri var. Buna görə də mənfi nəticələr hamı tərəfindən yaşanmalıdır. Qanunvericiliyimizdəki problemlər onu göstərir ki, müvafiq dövlət orqanları bu sahədə boşluqları vaxtında aradan qaldırmayıblar. AR Mərkəzi Bankı başda olmaqla, banklar da bu boşluqlara nəzər yetirmədən məsuliyyətsiz əmanət-kredit siyasəti həyata keçiriblər. Əhalinin də bir qismi müvafiq hüquqi və iqtisadi biliklərə malik olmadan xarici valyuta ilə əqdlər bağlayıblar.
Bununla belə, bəzən mətbuatda və sosial şəbəkələrdə yaranmış vəziyyətin mənfi nəticələrini yalnız dövlətlə əhaliyə tətbiq etmək təklif olunur. Başqa sözlə, bankları nəyin bahasına (qanunvericiliyin pozulması daxil olmaqla) olursa olsun qorumağa çalışırlar. Guya banklarda cüzi problem də yaşansa, hamı üçün pis olacaq. Halbuki, bu yanaşma, əvvəla, bazar iqtisadiyyatı prinsiplərinə uyğun deyil: pis işləyən, qanunu pozan hər kəs iqtisadiyyata ancaq zərər vurur. Müasir dövrdə qabaqcıl ölkələrdə hətta ən iri bankları da dövlət öz hesabına və ya əhalinin hesabına qorumur. Nəhayət, AR Konstitusiyasının 12-ci maddəsinin I hissəsinə görə dövlətin ali məqsədi insan və vətəndaş hüquqlarının və azadlıqlarının, AR-in vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsidir. Bu ali məqsədə çatmağın bir yolu var – qanunun aliliyi prinsipinə daim riayət etmə.